Sülhün adı belə yetərli olub!

Tarix: 21:07 15.05.2025
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında sülh danışıqları təşkil edəcəklərini açıqlamasından sonra Avropada müdafiə sənayesinə aid səhm dəyərləri azalmağa başlayıb. İnvestorlar hesab edirlər ki, davamlı sülh təmin olunarsa, region ölkələrinin hökumətləri silah və hərbi texnika üçün daha az vəsait xərcləmək məcburiyyətində qalacaqlar.
Avropada müdafiə sənayesi şirkətlərinin səhm dəyərləri İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının keçiriləcəyinin açıqlanmasından sonra enməyə başlayıb. Rusiya Prezidenti Vladimir Putin 11 may tarixində, üç il əvvəl dayandırılmış birbaşa danışıqların heç bir ilkin şərt qoyulmadan 15 mayda İstanbulda yenidən başlanmasını təklif edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan bu danışıqlara ev sahibliyi etməsini istəyib.
Bu inkişaflar Avropada müdafiə şirkətlərinin səhm dəyərlərinin azalmasına səbəb olub. Avropa STOXX aviasiya və müdafiə indeksi son 5 gündə təxminən 2 faiz geriləyib. İnvestorlar hesab edirlər ki, 4-cü ilinə daxil olan Rusiya-Ukrayna müharibəsində davamlı sülh əldə olunarsa, region ölkələrinin hökumətləri silah və hərbi texnika xərclərini azaltmaq məcburiyyətində qalacaqlar. Bu proqnozlar fonunda Alman silah istehsalçısı Rheinmetall şirkətinin səhmləri 9 may tarixində 1744 avro ilə zirvəyə çatdıqdan sonra təxminən 9 faiz enərək 1592 avroya düşüb. Son 5 gündəki ümumi azalma 3,25 faiz təşkil edib.
Ukrayna ilə Rusiya arasında davam edən müharibə və ABŞ-də baş verən siyasi dəyişikliklər Avropa ölkələrini müdafiə xərclərini artırmağa təşviq edib. Leopard 2 tanklarının istehsalçısı olan Rheinmetall şirkətinin səhm dəyəri Rusiya-Ukrayna müharibəsi başladıqdan bu yana 1400 faizdən çox artıb. Avropanın ən böyük sursat istehsalçısı olan Rheinmetall şirkətinin ümumi bazar dəyəri səhmlərin artımı ilə birlikdə 70 milyard avronu keçərək Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen-i də geridə qoyub.
Trampın prezident seçilməsi ilə ABŞ və Ukrayna arasında münasibətlər soyuyarkən, ABŞ ilə Avropa arasında da iqtisadi və müdafiə sahəsində fikir ayrılıqları yaşanıb. ABŞ və Rusiya arasında Ukrayna məsələsində aparılan danışıqlarda Avropanın kənarda qalması, Avropa liderlərini Avropa İttifaqı üçün davamlı müdafiə planı hazırlamağa sövq edib. Prezident Trampın Avropanın hərbi sahəyə daha çox sərmayə qoymalı olduğunu bildirməsindən sonra Avropadakı silah istehsalçılarının səhmləri yüksəlib. Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan ehtiyat çatışmazlığı və ABŞ ilə münasibətlərdəki gərginlik Avropa ölkələrini müdafiə sənayesinə daha çox vəsait ayırmağa vadar edir.
Haberler.com
Aygün Babayeva