Rusiya Danışıqlardan Niyə Çəkinir?

Tarix: 21:13 15.05.2025
Rusiya xarici işlər naziri Sergey Lavrov sabah İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək. Bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Qeyd edək ki, daha öncə yayılan məlumatda danışıqlarda Rusiyanı Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakovun təmsil edəcəyi bildirilib.
Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın bu danışıqlarda yüksək səviyyədə təmsil olunmaması onu göstərir ki, Rusiya tərəfi bu məsələləri daha çox ABŞ ilə ikitərəfli formatda müzakirə edir:
"Bu, əvvəlki dövrlərdə də müşahidə olunub. Rusiya dövlət başçısının görüşdə iştirak etməməsi isə müəyyən mənada danışıqlarda uğursuzluq olacağı təqdirdə məsuliyyəti öz üzərindən uzaqlaşdırmaq istəyi ilə izah oluna bilər.
ABŞ-nin əsas məqsədi atəşkəsin imzalanmasına nail olmaqdır. Eyni zamanda, həm Ukrayna, həm də Rusiya bu müharibədən yorulmuş vəziyyətdədir. Rusiya iqtisadi sanksiyaların təsirini ciddi şəkildə hiss edir. Bununla belə, müharibənin uzanmasında maraqlı olan əsas tərəf Avropa Birliyidir. Avropa Birliyi (AB) Rusiyanı strateji təhdid kimi qəbul edir və Ukraynanı sərt mövqe nümayiş etdirən tərəf kimi dəstəkləyir. Bu səbəbdən müharibənin davam etməsi AB üçün müəyyən geosiyasi məqsədlərə xidmət edir. Məsələyə obyektiv yanaşdıqda bu cür təhlillər və analizlər ortaya çıxır".
Politoloq əlavə edib ki, Rusiyanın xarici siyasətində isə ciddi bir dəyişiklik müşahidə olunmur:
"Yeni təmsilçi hökumətin müəyyən etdiyi tapşırıqları yerinə yetirmək üçün görüşlərdə iştirak edəcək. Xarici işlər naziri Sergey Lavrovun danışıqlarda iştirak etməməsi diplomatik riskləri artırmır.
Rusiya həm enerji resursları — neft və qaz, həm də hərbi gücünə arxalanaraq diplomatik təzyiqlərdən narahat deyil. Hazırda ABŞ-də hakimiyyətdə olan administrasiya ilə Rusiya daha yüksək səviyyəli diplomatik münasibətlər qurmağa çalışır və Ukrayna məsələsində ABŞ-nin neytrallığına nail olmaq istəyir. Xüsusilə, Donald Trampın prezidentliyi dövründə Rusiya müəyyən məsələlərdə dəstək əldə etdiyini düşünür və bu tendensiyanın davamını gözləyir".
Aytən Ağazadə