“Avropanın ən güclü ordusunu yaratmaq istəyirik” -Merz

Tarix: 21:40 15.05.2025
Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya Avropanın ən güclü ordusunu yaratmağı hədəfləyir.
“Bundesverin gücləndirilməsi bizim əsas prioritetimizdir. Gələcəkdə Almaniya hökuməti Bundesverin Avropanın ən güclü ordusuna çevrilməsi üçün lazım olan bütün maliyyə resurslarını təmin edəcək”, – Merz vurğulayıb.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Merz artıq bir neçə dəfə Almaniyanın yenidən güclənəcəyindən danışıb:
“Bildiyimiz kimi, Almaniyanın yeni kansleri Fridrix Merz artıq bir neçə dəfə bəyanatlarında Almaniyanın yenidən güclənəcəyini, hərbi imkanlarını artıracağını və Avropada əsas gücə çevriləcəyini bildirib. Hətta aprelin doqquzunda koalisiya razılaşması elan olunduqdan sonra mediaya verdiyi müsahibədə Merz belə bir ifadə işlətmişdi: "Germany is back on track", yəni "Almaniya yenidən öz yolundadır". Bu, bir işarə idi ki, Almaniya artıq yalnız sosial-iqtisadi sahəyə deyil, həm də hərbi-təhlükəsizlik sahəsinə böyük diqqət ayıracaq. Mən ,ümumiyyətlə, Almaniyanın koalisiya razılaşmasını oxumuşam və orada hərbi imkanların artırılması ilə bağlı ciddi mülahizələr yer alıb.
Hətta bir müddət əvvəl Almaniyada məcburi hərbi xidmət məsələsi də gündəmdə idi, lakin bu, könüllü xidmətlə əvəz olundu. Hərbi texnologiyaların inkişaf etdirilməsi, müdafiə sənayesinin gücləndirilməsi və ən əsası, hərbi sahəyə büdcədən daha çox vəsait ayrılması məsələləri artıq öz həllini tapıb. Bildiyiniz kimi, əvvəllər Almaniyada bununla bağlı müəyyən məhdudiyyətlər mövcud idi. Lakin həmin məhdudiyyətlər aradan qaldırılıb və bu da Almaniyanın hərbiləşməsi qarşısında maneə qalmadığını göstərir. Bu addım, Rusiyanın Ukraynaya qarşı aqressiyası və ABŞ-nin Avropanın təhlükəsizliyində iştirak etmək istəməməsi fonunda başa düşüləndir.
Amma digər tərəfdən, bu proses Avropa daxilində güc balansına da təsir göstərə bilər. Bildiyiniz kimi, Avropa İttifaqında hərbi baxımdan Fransa əsas dominant ölkə idi. İndi isə ona yeni bir rəqib – Almaniya gəlir. Bu günə qədər Almaniya Birliyin əsas iqtisadi gücü kimi tanınırdı. İndi isə onun hərbi baxımdan da güclənməsi, Rusiya-Ukrayna müharibəsinin sonrakı mərhələsində Almaniya ilə Fransa arasında rəqabəti gücləndirə bilər”.
Politoloq qeyd edib ki, NATO bu prosesi dəstəkləyir:
“Hazırkı vəziyyətdə NATO bu təşəbbüsü tam şəkildə dəstəkləyir. Keçən həftə Frederik Merzin Rusiyaya səfəri oldu və orada Mark Rutte ilə birgə mətbuat konfransı keçirdilər. Həmin konfransda Mark Rutte Almaniyanın bu addımlarını dəstəklədiklərini bildirdi. Çünki Rusiyaya qarşı NATO-nun birləşməsi və hərbi imkanlara daha çox büdcə ayrılması – məsələn, ÜDM-in 5 faizinə qədər – məqsədəuyğun hesab edilir. Hazırda Almaniya ÜDM-in 2 faizini hərbi xərclərə ayırmağı nəzərdə tutan büdcəyə malikdir. Bu göstərici gələcəkdə artacaq. NATO üçün əsas məsələ Rusiya təhdidinin mövcudluğudur.
Amma məsələ burasındadır ki, Rusiya təhdidi aradan qalxdıqdan sonra vəziyyət necə olacaq? Tutaq ki, Rusiyada hakimiyyət dəyişdi və ya Rusiya müharibədə məğlub oldu, Ukraynanın əraziləri geri qaytarıldı. Bu halda Almaniyanın hərbiləşməsi, düşünürəm ki, Avropa daxilində müəyyən çaxnaşmalara səbəb ola bilər. Digər tərəfdən isə Almaniyanın hərbiləşməsi fonunda qatı sağçıların gələcəkdə hakimiyyətə gəlməsi ehtimalı da var. Son seçkilərdə ultra-sağçı AfD 20 faiz səs topladı. Əgər bu sağçılar hakimiyyətə gələr və hərbiləşmiş Almaniya üzərində nəzarəti ələ keçirərlərsə, bu zaman Almaniyanın militarizasiyası Avropa üçün bir təhdidə çevrilə bilər”.
Ekspert Rusiyanın strateji yanaşmasının təsirlərindən də bəhs edib:
“Rusiya, sözsüz ki, hərbi strategiyasını və beynəlxalq konfiqurasiyaya uyğun siyasətini dəyişir. Rusiyanın əsas narahatlıq mənbəyi daha çox Avropa deyil, ABŞ-dir. Çünki bilirik ki, NATO-da hərbi və texnoloji baxımdan ən böyük güc ABŞ-yə məxsusdur. Rusiya bu səbəbdən ABŞ ilə münasibətləri normallaşdırmağa çalışır. ABŞ bu cəbhədən kənarlaşdıqdan sonra Avropa, yaxın gələcəkdə Rusiya üçün ciddi təhdid kimi görünməyə bilər. Çünki indiyədək Avropa daha çox sosial-iqtisadi inkişafla məşğul olub, hərbi məsələlər ikinci planda qalıb.
Lakin gələcəkdə Almaniyanın hərbi baxımdan güclənməsi və ümumilikdə Avropanın militarizasiyası Rusiya üçün də bir təhdidə çevrilə bilər. Buna görə də Rusiya müvafiq strateji dəyişikliklər həyata keçirməyə məcbur olacaq”.
Lalə Qurbanlı