A.Mirzoyan və K.Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar

Bölmə: Siyasət › ,
Tarix: 21:47 15.05.2025

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

Görüş zamanı Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası əlaqələrin qurulmasının əsas rolu vurğulanıb.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a müsahibəsində bildirib ki,
Azərbaycan və Ermənistan sülh sazişinin mətni və nəzərdə tutulan bütün müddəalarla bağlı razılığa gəlsələr də, sazişin imzalanması üçün Ermənistan tərəfinin atmalı olduğu addımların hələ də atılmaması müvafiq sənədin imzalanmasını gecikdirir:

 

“Məlumdur ki, Ermənistanın mövcud Konstitusiyasında hələ də Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadlar mövcuddur. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti hər nə qədər sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ərazi iddialarının olmadığını desə də, ana qanununda dəyişiklik etməməklə əslində sülhə hazır olmadığını nümayiş etdirir. Konstitusiyada müvafiq dəyişiklik edilmədən sülh sazişinin imzalanması həmin sənədi hüquqi cəhətdən əhəmiyyətsiz hala sala bilər.
Ona görə də Ermənistan hakimiyyəti müxtəlif beynəlxalq platformalarda sülhdən danışmazdan əvvəl real və davamlı sülhün əldə olunması üçün konkret addımlar atmalıdır".

 

Ekspert əlavə edib ki, konkret olaraq Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşünə gəlincə, qeyd edib:

 

“Azərbaycan müəyyən müddət Aİ-nin vasitəçiliyi ilə Ermənistanla danışıqlarda iştirak edib. Amma nəticədə biz Aİ tərəfindən sülhün əldə olunması üçün real addımların atıldığını və Ermənistana bu istiqamətdə təzyiq göstərildiyini müşahidə etmədik. Əksinə, Aİ özünün Sülh Fondu vasitəsilə Ermənistanın silahlanmasında iştirak edərək bitərəf vasitəçi olmadığını göstərib.
Digər tərəfdən, istər delimitasiya və demarkasiya prosesi, istərsə də sülh sazişinin müddəaları ilə bağlı razılaşmalar hər hansı vasitəçi olmadan, ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Odur ki, indi də hər hansı vasitəçiyə ehtiyac yoxdur. Əgər Avropa İttifaqı həqiqətən sülhün əldə olunmasında maraqlıdırsa, Ermənistanı Konstitusiyasına dəyişiklik etməyə təşviq etməlidir.

Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında real sülhün əldə edilməsi digər münaqişələrin də danışıqlar yolu ilə həllinin mümkünlüyünü gündəmə gətirəcək. Odur ki, beynəlxalq birlik indi Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistana müəyyən təsir göstərməlidir".

 

Asiman Vəliyeva