Cənubi Qafqazda güc oyunu

Bölmə: Siyasət › ,
Tarix: 16:26 19.05.2025

 

İran düşmən qüvvələrinin Ermənistanla strateji münasibətlərini pozmasına imkan verməyəcək.İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı deyib.

 

Əhmədian vurğulayıb ki, xarici qüvvələr Cənubi Qafqazda sabitlikdə maraqlı deyil.Onun sözlərinə görə, İran və Ermənistan arasında bütün sahələrdə sıx əməkdaşlıq və strateji tərəfdaşlığın daha da gücləndirilməsi regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “ İnformator.az ”a açıqlamasında bildirib ki, İranla Ermənistan arasında münasibətlərin formal olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması əslində ciddi bir dəyişiklik yaratmır:

 

"Çünki bu günə qədər İranın Ermənistana göstərdiyi dəstək hər nə qədər “strateji tərəfdaşlıq” adlandırılmasa da, faktiki olaraq mövcud olub. İranın Ermənistana göstərdiyi dəstək elə səviyyədə olub ki, bəzən rəsmi müttəfiqlər belə bir-birinə bu cür həyati yardım göstərməyiblər. Bu gün həmin münasibətlərin rəsmi sənədlə təsdiqlənməsi sadəcə simvolik xarakter daşıyır və real vəziyyəti dəyişmir. Necə ki, İran əvvəllər Ermənistana gizli şəkildə yardım edibsə, indi də açıq şəkildə eyni dəstəyi davam etdirəcək. Sadəcə, fərq ondadır ki, əvvəllər bunu inkar ediblərsə, indi artıq açıq şəkildə dilə gətirirlər. Amma nəticə dəyişmir — İran yenə də Ermənistana dəstək verəcək.

 

Cənubi Qafqazda son illərdə yaranmış yeni geosiyasi vəziyyət göstərib ki, İran və ya Rusiyanın Ermənistanı nə qədər dəstəkləməsindən asılı olmayaraq, tarixi ədalət gec-tez öz yerini tapır. İranın "regionda sabitliyi pozan xarici qüvvələr"lə bağlı bəyanatlarında əslində əsas hədəf kimi Türkiyəni nəzərdə tutduğu görünür. Çünki Türkiyənin son illərdə Cənubi Qafqaz siyasətində aktivləşməsi və Azərbaycanla strateji müttəfiqliyi regionda yeni bir reallıq yaradıb. Bu isə bəzi dövlətlərin maraqlarına ziddir və onların başında da məhz İran dayanır.

 

Qarabağ işğal altında olduğu dövrdə İran həm bu ərazilərin resurslarından müxtəlif formalarda faydalanıb, həm də bölgədə öz məqsədlərini daha rahat şəkildə həyata keçirib. O zaman Azərbaycan-Türkiyə müttəfiqliyi regionda güclü rol oynaya bilməyib, çünki Qarabağ problemi hələ də həll olunmamışdı və status-kvo İranın maraqlarına uyğun olub. Lakin 2020-ci ildən sonra regionda vəziyyət dəyişib. Azərbaycan və Türkiyənin müttəfiqliyi Cənubi Qafqazda əsas gücə çevrilib və bu reallıqla artıq bütün dünya hesablaşmalı olub.

 

Bu isə İranın maraqları ilə uzlaşmır. Bu səbəbdən İran çalışır ki, regionda sabitliyi pozan tərəf kimi Türkiyəni və Azərbaycan-Türkiyə ittifaqını göstərsin. Halbuki reallıq tam fərqlidir: otuz ilə yaxın müddətdə işğalçılara dəstək verən və işğal altındakı torpaqlarda qeyri-qanuni fəaliyyətlərlə məşğul olan məhz İran, Ermənistan və onlara dəstək verən digər qüvvələr olub.

 

İran bu gün çalışır ki, özünün keçmişdə etdiyi bütün qanunsuz hərəkətlərin məsuliyyətini başqa dövlətlərin üzərinə yıxsın və bu yolla həm məsuliyyətdən yayınsın, həm də bölgədə yenidən öz mövqeyini bərpa etsin. Amma bu prosesdə İranın "xarici qüvvə" dediyi digər tərəf də Rusiya ola bilər. Hərçənd ki, İran və Rusiya arasında Qərbə qarşı yaxın münasibətlər var, Cənubi Qafqaz məsələsində bu iki dövlətin maraqları tez-tez toqquşur. Çünki hər iki dövlət bu bölgəni öz təsir dairəsində saxlamağa çalışır.

 

Azərbaycan isə Türkiyə ilə olan etnik, tarixi və siyasi yaxınlıq sayəsində müstəqil siyasət yürüdə bilir. Ermənistan və Gürcüstan isə bu baxımdan daha zəif mövqedədir. Gürcüstanın Avropaya inteqrasiya səyləri nəticəsində Rusiyanın aqressiv reaksiyasını və ərazi işğalını görmüş olduq. Gürcüstan öz müstəqilliyini qorusa da, suverenliyini tam təmin edə bilməyib — əraziləri işğal edilib, orada separatçı rejimlər yaradılıb.

 

Eyni yanaşma indi Ermənistan üçün də keçərlidir. İran Ermənistanı Cənubi Qafqazda son təsir dairəsi olaraq görür. Lakin eyni zamanda başa düşür ki, Ermənistan iqtisadiyyatının əsas hissəsi Rusiyanın nəzarətindədir və Ermənistan-Rusiya arasında rəsmi müttəfiqlik münasibətləri mövcuddur. Bu səbəbdən Rusiyanın Ermənistana təsir imkanları İranınkından daha çoxdur. Məhz buna görə də Paşinyan hökumətinə qarşı Moskvadan edilən təzyiqlər Tehranı narahat edir. Çünki Rusiyaya yaxın qüvvələrin hakimiyyətə qayıtması İranın Ermənistan üzərindəki təsirini azalda bilər. Bu da İranın maraqlarına uyğun deyil".

 

Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizi məsələsində də İranın əsas qayəsi Ermənistanın müdafiəsi yox, öz maraqlarının qorunmasıdır:

 

"Əgər bu dəhliz açılsa, Çinlə Avropa arasında strateji Orta Dəhliz daha da canlanacaq. Bu isə İranın tranzit baxımından əhəmiyyətini azaldacaq. Əgər dəhliz açılmasa, Çindən Avropaya gedən quru ticarət yollarının əsas xətti İran ərazisindən keçəcək. Bu isə Tehrana yeni iqtisadi imkanlar, gəlirlər və valyuta axını vəd edir.

 

Bu səbəbdən İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq Ermənistandan vasitə kimi istifadə edir. Təəssüf ki, erməni tərəfi də bu böyük planların bir parçasına çevrildiyinin fərqində deyil, yaxud fərqində olsa belə, ideoloji qərəz səbəbilə bu planlara könüllü şəkildə xidmət edir. Nəticədə həm öz gələcəklərini riskə atırlar, həm də Cənubi Qafqazın ümumi inkişafına əngəl yaradırlar.


Ümid edək ki, Ermənistan bu reallığı anlayacaq və özünü İran, Rusiya və ya Fransa kimi güclərin siyasi oyuncağına çevirməyəcək. Real maraqlara əsaslanan bir siyasət yürütmək, bölgədə əməkdaşlığa və sabitliyə töhfə vermək həm Ermənistanın, həm də Cənubi Qafqazın gələcəyi üçün daha faydalı olacaq".


Mahmudlu Ləman