Ukrayna Rusiya ilə təmaslar üçün daimi genişləndirilmiş danışıqlar qrupu yaradacaq

Bölmə: Dünya › ,
Tarix: 19:21 19.05.2025

Ukrayna böhranın həlli üzrə Rusiya ilə danışıqlar aparmaq üçün daimi nümayəndə heyəti formalaşdıracaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mayın 16-da İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerovla görüşündən sonra özünün teleqram kanalında bildirib.

 

“Daimi genişlənmiş milli danışıqlar qrupunun yaradılmasına dair göstəriş vermişəm”, - Zelenski yazıb.

 

Məlumatda həmçinin o da qeyd olunub ki, Kiyev əsas məsələlərin həlli üçün liderlər səviyyəsində görüşə hazırdır. “Ukrayna Rusiya ilə birbaşa danışıqlardan qorxmur”, - Ukrayna lideri vurğulayıb.


Xatırladaq ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqlardan sonra tərəflər “1000-ə 1000” prinsipinə əsasən əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesini davam etdirəcəklərini vəd ediblər.