Əliyev və Paşinyan arasında danışıqlar ola bilər-Simonyan

Tarix: 22:09 19.05.2025
Yaxın vaxtlarda İrəvanla Bakı arasında dövlət başçıları formatında danışıqlar baş tuta bilər, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, hazırkı danışıqlar və Paşinyan-Əliyev görüşləri bölgədə sülh və uzunmüddətli saziş istiqamətində aparılsa da, bu addımlar yalnız Ermənistanın maraqlarına xidmət edir:
"Görünən odur ki, Zelenski və Putinin şəxsən görüşü və apardıqları danışıqlar artıq digər mühüm geosiyasi məqamlara da təsir etməyə başlayıb. Bu əsas nöqtələrdən biri də Azərbaycan-Ermənistan münasibətləridir. Ermənilər bu proseslərdən istifadə edərək 29 min kv/km ərazini qorumağa və sülh sazişini imzalayaraq bu əraziləri hüquqi cəhətdən möhkəmləndirməyə çalışırlar. Onlar Azərbaycanın da bu sənədi imzalamasını istəyirlər və bu səbəbdən müəyyən təlaş içindədirlər. Son görüşdə Paşinyanın Prezident İlham Əliyevlə oturub söhbət aparması da bu təlaşın bir nümunəsidir. Hazırda müzakirə olunan sülh sazişi, əslində, Azərbaycanın deyil, daha çox Ermənistanın maraqlarına cavab verir. Azərbaycan özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyi halda, Ermənistan isə özünü keçmiş Sovet Ermənistanının hüquqi varisi hesab edir. Bu da iki ölkənin yanaşmalarında ciddi fərq yaradır. Hər bir münaqişə iki mərhələdən ibarətdir: birinci mərhələ müharibə, ikinci mərhələ isə diplomatik masadır. Əgər Azərbaycan müharibədə qalib gəlibsə, bu üstünlüyünü diplomatik masada da qoruyub saxlamalıdır. Hazırkı danışıqlar və Paşinyan-Əliyev görüşləri bölgədə sülh və uzunmüddətli saziş istiqamətində aparılsa da, bu addımlar yalnız Ermənistanın maraqlarına xidmət edir. Buna görə də Azərbaycan qarşı tərəfin istəklərinə uyğun hərəkət etməməlidir. Ermənistanın Minsk qrupuna istinad etməsi isə vəziyyətin hələ də mübahisəli olduğunu göstərir. Halbuki bu qurumun fəaliyyəti artıq öz əhəmiyyətini itirib. Əgər Ermənistan hələ də bu quruma ümid edirsə, bu, münaqişənin hələ də davam etdiyini qəbul etməsi deməkdir. Ona görə də Ermənistan bu mövqedən dərhal geri çəkilməlidir ki, bölgədə sülh real şəkildə təmin olunsun. Bundan əlavə, Azərbaycanın konstitusiyasında da bu məsələyə dair dəyişiklik edilməməlidir".
Qəmər Kazımzadə