Azad edilmiş ərazilərdə arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:06 19.05.2025

 

Bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev institutda keçirilən “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada bildirib.

 

“Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı Tunc dövrünə aid ‘Kurqan çölü’ və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx-Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri-Şərifan orta əsr şəhər yeri istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında tarixçi Sübhan Talıblı bildirib ki, ümumiyyətlə, Azərbaycanda XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə ediləndən sonra, xüsusilə də son dövrlərdə, bir çox elmi sahələrdə olduğu kimi, arxeologiya və etnoqrafiya sahəsində də uğurlar əldə edilib:

 

"Yeraltı və yerüstü təbii sərvətlərə, qədim ənənəyə və dövlətçilik tarixinə malik olan tarixi Azərbaycan torpaqlarında çoxsaylı tarixi abidələr vardır ki, onları araşdırıb üzə çıxarmaq olduqca əhəmiyyətlidir. Qarabağda arxeoloji tədqiqatların, xüsusilə də qeyd edildiyi kimi, Xocalı Tunc dövrünə aid “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx-Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri-Şərifan orta əsr şəhər yerində aparılması olduqca vacibdir.

Arxeoloji tədqiqatların aparılması üçün beynəlxalq əməkdaşlıq sahəsində bir çox layihələr həyata keçirilmişdir. Arxeologiya və Antropologiya İnstitutunun fəaliyyətinin əsas məqsədi arxeologiya və antropologiya elmləri sahəsində Azərbaycanın zəngin maddi-mədəni irsinin öyrənilməsinə yönəlmiş fundamental elmi tədqiqatların təşkili və aparılmasıdır. İnstitutun nizamnaməsində xarici ölkələrin elmi mərkəzləri ilə ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq və müştərək tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur".

 

Tarixçi vurğulayıb ki, Bakı Dövlət Universiteti və Türkiyənin Ankara Universiteti arasında ortaq arxeoloji tədqiqatların aparılması və arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar keçirilən görüşdə ilkin razılıq əldə olunub:

 

"Razılaşmaya əsasən, ortaq arxeoloji tədqiqatların aparılması üçün hər iki universitetin akademik heyətləri və tələbələrinin iştirakı ilə işçi qrupların yaradılması, akademik heyətə molekulyar bioloqların da daxil edilməsi və əldə edilən fosil qalıqları üzərində genişmiqyaslı genom analizlərinin aparılması nəzərdə tutulur".

 

Aygün Babayeva