Psoriaz nədir?

Bölmə: Maraqlı › ,
Tarix: 21:11 19.05.2025

 

Dəri xəstəlikləri, orqanizmin ən böyük orqanı olan dəridə baş verən iltihabi, infeksion, allergik və ya autoimmun mənşəli pozğunluqlardır. Bu xəstəliklər müxtəlif səbəblərdən — genetik meyillik, ətraf mühit amilləri, stres, qidalanma və immun sistemin zəifləməsi nəticəsində ortaya çıxa bilər. Onlardan biri də xroniki, autoimmun mənşəli bir dəri xəstəliyi olan psoriazdır.

 

Məsələ ilə bağlı dermatoloq Tünzalə Feyziyeva "İnformator.az"a açıqlamasında bildirib ki, psoriaz xroniki, autoimmun mənşəli bir dəri xəstəliyidir. Ona, həmçinin, el arasında "pullu dəmrov" da deyilir:

 

"Xroniki, qeyri-infeksion, autoimmun mənşəli bir dəri xəstəliyidir. Yəni, insan orqanizmi öz hüceyrələrini yad hüceyrə kimi qəbul edir və onlara qarşı anticisimlər hasil etməyə başlayır. Bu xəstəlik zamanı, xronik gedişində dəridə qızartı, qaşınma, qabıqlanma, hətta qalınlaşmalar və dərinin üzərində qalınlaşmış skuamlar müşahidə olunur. Psoriaz adətən daha çox gənclik və orta yaşlı insanlarda rast gəlinir. Xəstəlik müxtəlif səbəblərdən yarana bilər və əsasən genetik faktorlarla əlaqəlidir.

Bundan əlavə, qeyd etdiyim kimi, autoimmun reaksiyalar və digər səbəblər xəstəliyin əsas amillərindən sayılır. Stress faktorları ilə də əlaqəlidir. Hava şəraiti, dərman istifadəsi, xüsusilə də beta-bloker tipli dərmanların istifadəsi zamanı psoriaz xəstəliyinin rast gəlinmə halları müşahidə olunur. Psoriaz xəstəliyinin diaqnozu əsasən klinik əlamətlərə əsasən qoyulur. Xüsusilə də psoriatik triadanın yoxlanılması diaqnostikada mühüm rol oynayır. Bundan əlavə, əgər ehtiyac olarsa, biopsiya metodu ilə də psoriaz diaqnozunu təsdiqləmək mümkündür. Yaranma səbəblərinə görə xəstəliyin müxtəlif növləri mövcuddur: plak formalı psoriaz, damcıvari psoriaz, büküşlərin psoriazı (buna invers psoriaz deyirik), püstulyoz psoriaz, eritrodermik psoriaz kimi formaları var. Bəzən ağır hallarda artropatik psoriaz və ya psoriatik artrit adlandırdığımız formaya da rast gəlinir ki, bu zaman daha çox oynaqlar zədələnir".

 

Ekspert həmçinin bildirib ki, psoriaz xəstəliyi yoluxucu deyil, autoimmun xəstəlikdir və heç bir yoluxuculuğu yoxdur:

 

"Psoriaz xəstəliyi yoluxucu deyil, amma irsi — genetik olaraq, yəni nəsildən-nəsilə ötürülmə xüsusiyyətinə malikdir. Müalicəsi əsasən həm yerli, həm də sistemik terapiya ilə aparılır. Yerli olaraq məlhəmlər, kortikosteroidlər və kalcipotriol tərkibli preparatlardan istifadə oluna bilər. Bundan əlavə, sistemik terapiyada retinoidlər — izotretinoin, asitretin kimi daxilə qəbul edilən preparatlar tətbiq olunur. Eyni zamanda, immunosupressiv preparatlar da əsas müalicə üsullarındandır. Son dövrlərdə isə fototerapiya və bioloji agentlərlə aparılan müalicə üsulları effektiv nəticələr əldə etməyə kömək edir. Psoriaz xəstəliyi ümumiyyətlə el arasında "pullu dəmrov" olaraq tanınır.

Pullu dəmrov" adı olduğuna görə insanlar "dəmrov" xəstəliyini qorxulu bir şey kimi qəbul edirlər. Burada qeyd etmək istəyirəm ki, dəmrovun müxtəlif növləri mövcuddur — hətta bəzən göbələk mənşəli dəmrov formalarına da rast gəlinir. Ona görə də hər “dəmrov” deyiləndə psoriaz xəstəliyi ağla gəlməməlidir. Ən vacib məqam odur ki, psoriaz yoluxucu xəstəlik deyil, autoimmun, xroniki bir xəstəlikdir. Lakin düzgün müalicə ilə remissiya dövrü əldə etmək mümkündür. Bu remissiya dövrünü müalicədən sonra da lazım olan şərtlərə əməl etməklə uzatmaq və xəstəliyi nəzarət altında saxlamaq olar. Bunun üçün düzgün qidalanma, stressli həyat tərzinin azaldılması və dərinin mütəmadi nəmləndirilməsi əsas şərtlərdəndir".

 

Güllər Gülhüseynova