Dünya bazarlarında neft yenidən ucuzlaşıb

Tarix: 22:00 19.05.2025
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,57% azalaraq 1 barelə görə 65,04 ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı iqtisadçı Toğrul Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, təklifin çox olması və bu kimi problemlər qiymətin aşağı düşməsinə gətirib çıxarır.
"Brent neftin qiymətinin aşağı düşməsinin əsas səbəbləri arasında dünya iqtisadiyyatında mövcud olan problemlər, ölkələrarası münasibətlər, ticarət və s. yer tutur. İstehsalçı və istehlakçılar arasında münasibətlər, həm də istehlakçıların məyyən qədər azalması, inkişaf etmiş ölkələrlə iqtisadiyyatda mövcud olan problemlər də müəyyən səbəblərdəndir.
Təklifin çox olması və bu kimi problemlər qiymətin aşağı düşməsinə gətirib çıxarır. Neft qiymətlərinin dünya iqtisadiyyatına demək olar ki, təsiri yoxdur, qeyd edə bilərik ki, neft qiymətləri dünya iqtisadiyyatının mövcud vəziyyətindən təsirlənir. Ölkəmizin dövlət büdcəsinə gəldikdə isə deyə bilərik ki, bu il yüksək qiymət olan 70 dollardan hesablanan dövlət büdcəsi doğru addım deyildi, amma məsələ ondadır ki,Azərbaycan iqtisadiyyatına bunun təsirini bölüşmək üçün müəyyən müddət lazımdır. Təbii olaraq, indi ciddi təsir olmayacaq, əgər bu azı olaraq 1 il davam etsə, trend və templər eyni səviyyədə qalsa, əlbəttə ki, ciddi təsir göstərəcək. Ümumiyyətlə, neftdən asılılığın təsirini növbəti illərdə daha kəskin şəkildə müşahidə edəcəyik. Bu zaman həm gəlirlərin azalmasına, həm də investisiyanın azaldılmasına gətirib çıxaracaq. Ona görə, yeni bir mənbə tapılmalıdır ki, iqtisadiyyat da müəyyən qədər sabitlik qazandırsın".
Səmayə Səftərova