“Sanksiya altında olan ölkələrlə ticarət həmişə səmərəlidir”

Tarix: 11:37 21.05.2025
Hikmət Hacıyev bildirir ki, Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, əlaqələt gücləndirilməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində deyib.
Mövzu ilə bağlı “İnformator.az” a iqtisadçı Akif Nəsirli bildirir ki, sanksiya altında olan ölkələrlə ticarət həmişə səmərəlidir:
“Çünki belə ölkələrin digər çıxışları məhdud olduğuna görə həmin ölkələrdən idxal ucuz başa gəlir. Elə həmçinin İran da. Misal olaraq deyə bilərik ki, biz İrana qarşı tətbiq edilən sanksiyaların hamısına qoşulmamışıq. Əsasən İranın sanksiyalar altında olan ticarət əlaqalərinin bizə heç bir aidiyyatı yoxdur. Biz İrandan ucuz kənd təsərrüfatı məhsulları ala bilərik. Bu Azərbaycan üçün çox vacibdir. Həmin o məhsulları ucuz qiymətə idxal etsək də, Azərbaycan bazarında baha qiymətə satılacaqdır. Bu bizim artıq öz problemimizdir. Təkcə kənd təsərrüfatı deyil, digər sənaye məhsulları da ucuz başa gəlir. Məsələn, İranda yanacaq çox ucuzdur. Ona görə də, orada istehsal edilən məhsullar daha ucuz olur. Bildiyimiz kimi hər bir istehsalın minimum 30-40%-ni enerji daşıyıcıları təşkil edir. Bu enerji daşıyıcılarıda İranda çox ucuzdur. Ona görə də məhsul qiymətləri də aşağı olur. Digər tərəfdən də İran Avropa ölkələri ilə ticarət əlaqələrinə girə bilmir. Onlar İranla əlaqələri dəstəkləmirlər. Bu səbəbdən İranın bizim kimi ölkələrlə ticarət əlaqəsinə maraqlıdır və bu ölkələrə də güzəştə gedir ki, bu ölkələrdə İranla ticarət etməkdə maraqlı olsun. Gördüyümüz Azərbaycanın İranla ticarət etməyi çox səmərəlidir. Azərbaycan İrandan nüvə, qaz və neft idxal etmədiyi üçün onunla olan ticarətimizdə heç bir risk yoxdur. Yəni bu da bizə problem yaratmır ki, biz İranla əməkdaşlığımızı bitirək”.
Həmçinin şərhçi qeyd edir ki, iqtisadi münasibətlər siyasi yaxınlaşmağa da kömək edə bilər:
“Hərçənd ki, İranın siyasəti hakimiyyəti qeyri-sabit siyasətə malik bir dövlətdir. Onların siyasəti bəzən xaotik xarakter daşıyır. Əslində İranın Azərbaycana daha çox ehtiyacı var ki, nəinki, Azərbaycanın İrana. Yəni Azərbaycandan müəyyən asılılıqları da var. Məsələn, Araz çayı üzərində İran 2 layihə həyata keçirir: Qız qalası və Xüdafərin bəndləri, həm də həmin bəndlərin üzərində də su elektrik stansiyasının tikintisi həyata keçiriləcəkdir. Digər tərəfdən də İran istəyir ki, Azərbaycan Zəngəzur dəhlizindən yox, onun ərazisindən Naxçıvan ilə əlaqə yaratsın. Bu istiqamətdə avtomobil və dəmir yolunun icrası barəsində memorandum var. Yəni belə bir şəraitdə İran höküməti Azərbaycan səfirliyində təxribat törətdi və bu təxribat bütün layihələrin hamısını ləngitdi. İran bu cür qeyri-ardıcıl, heç bir məntiqlə izah edilməyən addımlar atır. Buna baxmayaraq mən hesab edirəm ki, iqtisadi əlaqələr siyasi münasibətlərin yumşalmasına gətirib çıxara bilər”.
Aysel Mirzəyeva