Arakçı:ABŞ sanksiyaları ləğv etsə, razı ola bilərik

Bölmə: Siyasət › ,
Tarix: 17:20 23.05.2025

 

ABŞ sanksiyalarının ləğvi halında İran nüvə obyektlərinə beynəlxalq nəzarətin artırılmasına razılıq verə bilər. Bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Arakçı məlumat verib.

 

“Biz öz hüquqlarımızdan geri çəkilmirik. Lakin sanksiyalar aradan qaldırılarsa, nüvə fəaliyyətlərinin şəffaflığını artırmaq məqsədilə əlavə addımlar atmağa hazırıq”, – Arakçı vurğulayıb.

 

Mövzu ilə bağlı “Novoe vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev “İnformator.az ” a açıqlamasında bildirib ki,sanksiyaların ləğvi, şübhəsiz ki, İran iqtisadiyyatına birbaşa təsir göstərəcək:

 

“ Hazırda İran iqtisadiyyatı ağır bir böhran yaşayır. İranın milli valyutası minimum həddə enib, alıcılıq qabiliyyəti isə demək olar ki, tamamilə itirilib. İranın əsas məqsədi ABŞ ilə aparılan danışıqlarda sanksiyaların aradan qaldırılmasına nail olmaqdır.

 

Əgər bu mümkün olarsa, böyük neft-qaz ehtiyatlarına malik olan İran iqtisadi potensialından daha geniş şəkildə istifadə edə biləcək. Hazırda isə bu potensialdan yetərincə istifadə edilmir. Bu baxımdan, sanksiyaların ləğvi ölkə iqtisadiyyatına ciddi təkan verə bilər.

 

İranın şəffaflıq addımlarının beynəlxalq ictimaiyyəti qane edib-etməyəcəyi məsələsinə gəlincə, hesab edirəm ki, əgər İran bürokratik əngəlləri aradan qaldırarsa, şəffaflıq istiqamətində ciddi addımlar atarsa və bu proseslər MAQATE kimi beynəlxalq təşkilatların nəzarəti altında həyata keçirilərsə, beynəlxalq ictimaiyyətin etimadını qazana bilər. İranın nüvə enerjisini yalnız dinc məqsədlərlə zənginləşdirməsi, hesabatların yenilənməsi və müşahidəçilərin proseslərə buraxılması bu etimadı daha da gücləndirər.

 

Yaxın Şərqdə onsuz da kifayət qədər gərgin bir vəziyyət hökm sürür. Belə bir fonda İranın atacağı müsbət addımlar regional gərginliyin azalmasına kömək edə bilər. Qeyd etmək lazımdır ki, bölgədəki bir çox gərginliklər İranla əlaqələndirilir və əsas hədəf kimi də məhz bu ölkə göstərilir.

 

Digər tərəfdən, ABŞ, İranın nüvə proqramını, hətta enerji məqsədilə belə zənginləşdirməsini qəbul etmir. Rəsmi Vaşinqton bunun gələcəkdə silaha çevrilə biləcəyindən ehtiyatlanır. İran isə bu yanaşmanı qəbul etmir və MAQATE-nin nəzarəti altında nüvə proqramını davam etdirmək niyyətində olduğunu bildirir.

 

Regionda sabitliyə töhfə məsələsində İsrailin mövqeyi də önəmlidir. İsrail ABŞ-İran danışıqlarının uğurla nəticələnməsini istəmir. Bu həftənin sonuna doğru danışıqların beşinci raundunun keçirilməsi gözlənilir. ABŞ Prezidenti Donald Trump danışıqlara optimist yanaşır və irəliləyişlərin olduğunu bildirir. Lakin o, eyni zamanda xəbərdarlıq da edir: İran ya diplomatik yolu seçməlidir, ya da daha ağır nəticələrlə üzləşə bilər.

 

İran və İsrail arasında davam edən düşmənçilik də vəziyyəti mürəkkəbləşdirir. İran İsrailin Qəzzadakı fəaliyyətlərini qətiyyətlə qəbul etmir. İsrail isə bölgədə İranın dəstəklədiyi Hizbullah və Həmas kimi proksi qüvvələrə zərbələr endirir, Suriyada İranın mövqelərini zəiflədir. Ümumilikdə, İsrail ABŞ-İran danışıqlarının baş tutmaması üçün çalışır.

 

Bununla bağlı CNN və Axios kimi nüfuzlu KİV-lər də məlumatlar yayıblar. Bildirilir ki, İsrail İranla danışıqlardan nəticə çıxmamasını gözləyir və bu baş vermədiyi halda İrana hərbi zərbələr endirə bilər. İran isə öz növbəsində bildirib ki, istənilən hücuma adekvat cavab veriləcək."

 

Siyasi şərhçi əlavə edib ki, əgər danışıqlar uğurla nəticələnərsə,bu, yalnız Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda sabitliyə töhfə verə bilər:

 

“Çünki İran Azərbaycanın birbaşa qonşusudur. Bu ölkədə baş verə biləcək istənilən qarşıdurma region üçün, xüsusilə Azərbaycan üçün humanitar və siyasi fəlakətlə nəticələnə bilər.

 

Bu səbəbdən də regionda sülh və sabitliyin təmin olunması bizim üçün də önəmlidir. Uzunmüddətli sabitlik və münaqişələrin həlli yalnız diplomatik yollarla mümkündür. Bu isə həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sülhə real töhfə verə bilər”.

 

Mahmudlu Ləman