"Ölkələrimizə xaricdən müdaxilə cəhdləri var və olacaq"

Bölmə: ,
Tarix: 17:51 23.05.2025

 

 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxili sabitlik olsa da, təhdidlər və çağırışlar mövcuddur, xaricdən müdaxilə cəhdləri olub və gələcəkdə də olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.

“Yəni, heç kim bu cəhdlərdən sığortalanmayıb. Ona görə də daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün vacib daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə və informasiya mübadiləsinin aparılması böyük önəm daşıyır”.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Türk Dövlətləri Təşkilatı hazırda qlobal məkanda siyasi iradə mərkəzinə çevrilməyə başlayıb:

 

"Bu səbəbdən bəzi dünya ölkələri bunu ciddi narahatlıqla qarşılayır. Həmişə müəyyən cəhdlər etməyə çalışıblar. Hətta Azərbaycana qarşı da belə cəhdlər olub və onların qarşısı alınıb.

Yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin xarici müdaxilələrə qarşı ortaq müqavimət proqramları hazırlanacaq. Türk Dövlətləri Təşkilatında siyasi inteqrasiya ən yüksək səviyyəyə çatıb. Təşkilatın hərbi-strateji alyansının formalaşdırılması prosesinə də başlanıla bilər. NATO-ya bənzər bir qurum yaradıla bilər".

 

Aygün Babayeva