Ukrayna-Rusiya müharibəsin dönüş nöqtəsi: Qərbin qərarı nə vəd edir?

Tarix: 20:44 27.05.2025
2025-ci ilin mayında Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən ən böyük dron və raket hücumlarından sonra ABŞ, Almaniya, Fransa və Böyük Britaniya mühüm bir qərar qəbul etdi. Artıq Ukraynaya verilən silahların Rusiya ərazisindəki hərbi hədəflərə qarşı istifadəsinə icazə verilir. Bu qərar həm beynəlxalq hüquq, həm də regional təhlükəsizlik baxımından ciddi müzakirələrə səbəb olub.
“Rusiya Ukraynaya qarşı hücumlarını daha da intensivləşdirib”.
Mövzu ilə bağlı İnformator.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, müharibə artıq dördüncü ildir davam edir. Bayden administrasiyası dövründə ABŞ Ukraynaya dəstək göstərsə də, silahların Rusiya ərazisində istifadəsinə icazə vermirdi. Tramp hakimiyyətə gəldikdən sonra isə Putinlə münasibətləri normallaşdırmağa çalışdı, Zelenskini isə diktator adlandırdı. Bu yanaşma beynəlxalq aləmdə narazılıq doğurdu və Trampın ritorikası Putinə yaxın çıxışlar kimi qiymətləndirildi.
Politoloq qeyd edir ki, İstanbul danışıqlarında 1000 əsirin dəyişdirilməsi və atəşkəsə dair razılıq əldə olunacağı gözlənilsə də, Rusiya bu müddətdə hücumlarını daha da aktivləşdirdi. Eyni zamanda Ukrayna da Rusiyanın daxilindəki hərbi hədəflərə PUA-larla cavab hücumları həyata keçirdi.
“Müharibənin dayanması Rusiyanın xeyrinə deyil”.
Elşad Həsənovun fikrincə, Rusiyanın məqsədi sülh müqaviləsi imzalanmazdan əvvəl daha çox ərazi ələ keçirmək və danışıqlarda üstünlük əldə etməkdir. Rusiyanın hazırkı iqtisadiyyatının əsas dayağını hərbi sənaye təşkil edir. Müharibənin bitməsi milyona yaxın hərbçinin işsiz qalması və ölkə daxilində iğtişaşların yaranması riskini artırır. Bu səbəbdən Kreml müharibənin uzanmasında maraqlıdır.
Politoloq əlavə edib ki, Putinin məqsədi yalnız Ukrayna ilə məhdudlaşmır:
“Kreml keçmiş SSRİ məkanını ya hərbi, ya da diplomatik yollarla yenidən nəzarətə almaq istəyir. Sonra isə Avropa ölkələrinə təzyiq etməyi hədəfləyir”.
“Azərbaycan üçün də risklər artır”.
Elşad Həsənov hesab edir ki, baş verənlər Cənubi Qafqaz ölkələri üçün də ciddi risklər yaradır. Rusiya mətbuatında Azərbaycanı Ukraynaya hərbi yardım göstərməkdə ittiham edən qərəzli yazılar dərc olunur. Halbuki Azərbaycanın bu yardımları sırf humanitar xarakter daşıyır.
Politoloq Azərbaycan Prezidentinin yürütdüyü balanslı və çoxşaxəli siyasətin ölkədə sabitliyin qorunmasında mühüm rol oynadığını qeyd edir:
“Azərbaycanın Türkiyə, İsrail, Pakistan və Türk Dövlətləri Təşkilatı ilə strateji tərəfdaşlığı ölkəmizin təhlükəsizliyinin təminatçısıdır. Azərbaycan öz mövqeyini qoruyur və Cənubi Qafqazda sabitliyin mühüm dayağı olaraq çıxış edir”.
Solmaz Muradova