Psixocoğrafiya: Məkana Emosional Reaksiyalarımız

Bölmə: Sosial › ,
Tarix: 22:08 29.05.2025

Psixocoğrafiya insanların şəhər mühitinə və fiziki məkanlara qarşı emosional və davranış reaksiyalarını araşdıran maraqlı və qeyri-adi bir sahədir. Bu anlayışa görə, küçələrin forması, binaların arxitekturası, hətta hansı istiqamətdə hərəkət etdiyimiz belə gündəlik psixoloji vəziyyətimizə təsir göstərə bilər. Məkan bizi sadəcə fiziki olaraq deyil, psixoloji olaraq da istiqamətləndirə bilər.

 

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial İş” kafedrasının müəllimi, uzman psixoloq-psixoterapevt Səbinə Bayramova bildirib ki, psixocoğrafiya — məkanın insan psixologiyasına təsirini araşdıran maraqlı və mühüm bir sahədir:

 

“Bu sahə göstərir ki, şəhər planlaması, memarlıq və mədəniyyətlərarası fərqlər insanların emosional və davranış reaksiyalarına ciddi təsir göstərə bilər.

 

Fransız filosofu və nəzəriyyəçisi Guy Debord psixocoğrafiya anlayışını ilk dəfə 1955-ci ildə irəli sürüb. O, şəhər mühitinin insan duyğularına və davranışına təsirini araşdıraraq, məkanın sosial və psixoloji aspektlərini vurğulayıb. Debordun fikrincə, şəhər planlaması və memarlıq insanların gündəlik həyatına təsir edən mühüm amillərdir. Onun La Société du Spectacle (1967) əsərində şəhər mühitinin necə manipulyasiya edildiyi və insanların məkanla qarşılıqlı əlaqəsi barədə dərin analizlər yer alır.

 

Şəhər mühitinin strukturu insanların psixoloji vəziyyətinə təsir edən bir çox amili ehtiva edir. Açıq, geniş sahələr (parklar, meydanlar) insanlarda rahatlıq və azadlıq hissi yaradır, halbuki dar, sıx küçələr stressi artırır. Tarixi binalar nostalgiya və mədəni bağlılıq hissi oyada bilər, müasir minimalizm isə sakitlik və nizam-intizam hissini gücləndirir. Günəş işığına çıxış depressiya riskini azaldır, soyuq rənglər sakitləşdirici təsir göstərir, isti rənglər isə enerjini artırır. İnsanların bir-biri ilə qarşılıqlı əlaqədə ola biləcəyi məkanlar (kafelər, ictimai meydanlar) sosial bağlılığı gücləndirir və psixoloji rifahı artırır. Rahat gediş-gəliş imkanları stressi azaldır, xaotik və sıx yollar isə aqressiv davranışları çoxalda bilər”.

 

Həmçinin müsahibimiz qeyd edib ki, məkanın psixoloji təsiri mədəniyyətlərə görə də dəyişir:

 

“İndividualist cəmiyyətlərdə (Qərb ölkələri) şəxsi zona anlayışı daha güclüdür. İnsanlar geniş, özəl məkanlara üstünlük verirlər və şəhər planlamasında fərdi rahatlıq ön plandadır. Kollektivist cəmiyyətlərdə (Şərq ölkələri) isə ictimai məkanlar daha vacib hesab olunur. İnsanlar bir-biri ilə sıx əlaqədə olmağa üstünlük verdikləri üçün şəhər dizaynı sosial qarşılıqlı əlaqəni təşviq edir. Tarixi və mədəni irs, yəni mədəniyyətin kökləri də şəhər planlamasına təsir göstərir. Məsələn, Avropa şəhərlərində tarixi binaların qorunması nostalgiya və mədəni bağlılıq hissini gücləndirir, halbuki ABŞ-də funksionallıq və modernizmə üstünlük verilir. Şəhər mühitinin formalaşmasında dini inanclar və fəlsəfi düşüncələr də dərin iz buraxa bilər. Məsələn, Yaponiyada Zen fəlsəfəsi şəhər dizaynında minimalizmi və təbiətlə harmoniyanı önə çəkir. İslam memarlığında isə simmetriya və dini simvollar əsas yer tutur. Hindistanda Vastu Şastra fəlsəfəsi şəhər planlamasında enerji axınının düzgün istiqamətləndirilməsini əsas götürür. Qədim şəhərlərdə məkanın quruluşu insanların psixoloji rifahını artırmaq məqsədilə tərtib olunub.

 

Bu nümunələr göstərir ki, psixocoğrafiya mədəniyyətlərə görə dəyişir və şəhər mühitinin insan psixologiyasına təsiri mədəni inanclar, sosial normlar və tarixi irslə sıx bağlıdır. Psixocoğrafiya strateji yanaşmalar əsasında daha sağlam, balanslı və psixoloji cəhətdən rahat yaşayış mühitlərinin yaradılmasına töhfə verə bilər”.

 

Nigar Həsənzadə