Nebenzya:Buna görə müharibəni davam etdirəcəyik

Bölmə: Siyasət › ,
Tarix: 16:28 30.05.2025

 

Rusiya xüsusi hərbi əməliyyatını davam etdirəcək.Bunu Qərb ölkələrinin təşəbbüsü ilə çağırılan Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

 

“Nə qədər ki, Kiyev müharibəni uzatmağa və ərazimizdəki infrastruktura zərbələr endirməklə Rusiyanı təxribata çəkməyə çalışacaq, biz hərbi əməliyyatımızı davam etdirəcəyik və Kiyev rejiminin hərbi potensialı ilə bağlı obyektləri məhv edəcəyik”, - Nebenzya vurğulayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aqşin Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın məqsədi Ukraynaya qarşı sülh danışıqlarının şərtlərini və tələblərini tammiqyaslı şəkildə diktə edəcək əlavə istiqamətlər axtarmaqdır:

 

“Sülh danışıqlarının getdiyi bir zamanda Rusiyanın Ukraynada aviazərbələri və raket hücumlarını intensivləşdirməsi də eyni məqsədə xidmət edir. Bundan əlavə, Rusiya Ukraynadakı hərbi kampaniyasına haqq qazandırmaq üçün yeni arqumentlər axtarır.

 

Rusiya Prezidenti Vladimir Putin buna görə Ukraynada təhlükəsiz bufer zonanın yaradılmasını əmr edib. Bu, Rusiyanın perspektivdə Ukraynanın Xarkov və Sumı vilayətlərini nəzarətə götürməsi üçün hərbi-hüquqi baza formalaşdırmaq cəhdidir. Kreml hazırda döyüş meydanındakı hərbi-taktiki üstünlükləri strateji qələbəyə çevirmək vasitəsi kimi istifadə edir.

 

Siyasi şərhçi əlavə edib ki, qısası hazırda müharibənin həlli üçün döyüş meydanındakı əməliyyat şəraiti Kremlə sərf edir:

 

“Hərçənd ki, Rusiyanın bu prosesi uzun müddət necə davam etdirəcəyi açıq sual olaraq qalır. Rusiya üçün əsas məsələ ABŞ ilə sövdələşmə imkanlarını nəzərdən keçirməkdir. Vaşinqton Moskva ilə razılaşmalarda maraqlıdır, lakin Kreml Ağ Evin mümkün hiylə işlədəcəyindən ehtiyat edir.

 

Belə bir məqamda Rusiya, Çinin hərbi gücündən istifadə edərək ABŞ-nin təsirlərini cilovlamağa çalışır. Rusiya-Ukrayna münasibətlərində danışıqların dəstəkləndiyi bir zamanda Çindən Rusiyaya silah tədarükünün artırılması ilə bağlı hesabatların yayılması da təsadüfi deyil.

 

Çinin Rusiyanın Ukraynadakı  müharibə səylərinə getdikcə daha açıq şəkildə dəstək verməsi, düşünürəm ki, Rusiya–ABŞ–Çin üçbucağındakı rəqabət tonuna əsaslanır”.

 

Mahmudlu Ləman