İsrail-Fələstin münaqişəsi və Qəzza böhranı

Tarix: 19:17 31.05.2025
2025-ci ilin yazında İsrail-Fələstin münaqişəsi yenidən alovlanıb. Qəzza zolağında baş verən son toqquşmalar və hava zərbələri nəticəsində yüzlərlə insan həlak olub, minlərlə mülki şəxs ağır humanitar böhranla üz-üzə qalıb. BMT və digər beynəlxalq təşkilatların atəşkəs çağırışlarına baxmayaraq, vəziyyətin sabitləşməsi müşahidə olunmur. Misir, Qətər və Türkiyə kimi ölkələrin vasitəçilik səyləri də nəticə verməyib. Tərəflər arasında dərin etimadsızlıq diplomatik irəliləyişə əngəl yaradır.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “informator.az”a açıqlamasında bildirib ki, hazırkı gərginlik təkcə Qəzzanı deyil, bütövlükdə regionun gələcəyini şərtləndirir:
“İsrail Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları təhlükəsizlik tədbiri kimi əsaslandırmağa çalışır, lakin burada İsrailin Fələstin problemini öz maraqları çərçivəsində birdəfəlik həll etməyə çalışdığı da açıq görünür. Bu hadisələr, eyni zamanda Yaxın Şərqin yenidən dizayn edilməsi prosesinin bir hissəsidir. Qəzzadakı proseslərin necə inkişaf edəcəyi, regionun gələcək quruluşundan birbaşa asılı olacaq.
Digər tərəfdən, Fələstin daxilindəki siyasi parçalanma — xüsusilə HƏMAS və Fələstin Muxtariyyəti arasındakı fikir ayrılıqları — fələstinlilərin vahid mövqe sərgiləməsini çətinləşdirir. Bu daxili ziddiyyətlər həm müqavimətə, həm də beynəlxalq dəstəyə ciddi mənfi təsir göstərir.
Beynəlxalq ictimaiyyətin reaksiyasına gəldikdə isə, BMT və bəzi Avropa dövlətləri İsrailin əməliyyatlarını qınasa da, bu yalnız bəyanatlar səviyyəsində qalır. Real təzyiq müşahidə olunmur. İsrailin əsas strateji müttəfiqi olan ABŞ hələ də bu məsələdə qəti mövqe ortaya qoymayıb.
Hazırda İsrailin diqqəti yalnız Vaşinqtondadır. Ağ Evdən gələcək hər hansı ciddi reaksiya, prosesin gedişatını müəyyən edə bilər. Tramp administrasiyası ilə İsrail arasında müəyyən fikir ayrılıqları olsa da, ABŞ bu mərhələdə sərt mövqe nümayiş etdirmək istəmir.
Ona görə də, vəziyyətin yaxın müddətdə sabitləşməsi real görünmür və Qəzzada gərginliyin davam etməsi ehtimalı yüksəkdir”.
Solmaz Muradova