Teatrın bugünkü vəziyyəti

Tarix: 16:52 30.05.2025
Teatr sənəti hər bir xalqın milli-mədəni irsinin ayrılmaz hissəsidir. O, mənəvi dəyərlərin, tarixi yaddaşın və estetik dünyagörüşün formalaşmasında mühüm rol oynayır. Azərbaycan teatrı da 150 illik tarixi, zəngin ənənələri və görkəmli sənətkarları ilə ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur.
Lakin müasir dövrün texnoloji və ictimai çağırışları teatr sənətindən yeni yanaşmalar, fərqli təqdimat formaları və daha geniş auditoriya ilə ünsiyyət tələb edir. Bu səbəbdən teatrın bugünkü vəziyyətini təhlil etmək, onun cəmiyyətlə əlaqəsini və inkişaf perspektivlərini dəyərləndirmək olduqca vacibdir.
Bu mövzu ilə bağlı Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “İnformator.az”a bildirib:
“Mən Akademik Rus Dram Teatrına rəhbərlik etdiyim üçün ümumi Azərbaycan teatrı ilə bağlı fikir bildirməyim doğru olmaz. Amma düşünürəm ki, bu gün rəhbərlik etdiyim teatr cəmiyyətin mədəni tələbatını qarşılamaq gücündədir”.
Onun sözlərinə görə, son illərdə teatr sənətinə göstərilən dövlət qayğısı, yaradıcı mühitin təşviqi və müxtəlif layihələr teatrların inkişafına böyük təkan verib:
“Müasir tamaşaçının estetik və intellektual ehtiyaclarını qarşılayan tamaşalar hazırlanır. Akademik Rus Dram Teatrı həm klassik, həm də müasir dramaturgiyanı uğurla təqdim edir, sosial-mədəni problemlərə toxunur, dialoqa və düşünməyə təşviq edir.
Teatrın əsas hədəflərindən biri də gənc nəslin diqqətini sənətə yönəltməkdir. Bu məqsədlə texnologiyadan və yeni teatr formalarından istifadə edilməlidir. Müasir gənclər sürətli informasiya və dinamik vizual təqdimatlara alışıb. Onların marağını çəkmək üçün teatr da öz dilini zamanın ruhuna uyğunlaşdırmalıdır.
İlk növbədə, repertuarda gənclərə yaxın mövzularda, müasir dramaturgiyaya əsaslanan əsərlərə yer verilməlidir. Gənclərin qarşılaşdığı sosial, psixoloji və etik məsələlər səhnəyə gətirilməli, dialoq onların dili ilə qurulmalıdır. Bu proses zəhmət tələb etsə də, nəticə verəcəkdir”.
Ədalət Hacıyev qeyd edib ki, interaktiv formatlara, vizual texnologiyalara və rəqəmsal alətlərlə zəngin səhnə quruluşlarına üstünlük verilməlidir:
“Multimedial elementlər, canlı musiqi və innovativ səhnə hərəkətləri gənc tamaşaçının diqqətini cəlb edən əsas vasitələrdəndir.
Ən vacib məsələ – gəncləri dinləmək, onların fikirlərinə və istəklərinə açıq olmaqdır. Onlara teatrda özlərini ifadə edə biləcəkləri şərait yaradılmalıdır. Yalnız bu halda teatr gənclər üçün cazibədar, canlı və yaşanan bir məkana çevrilə bilər.
Mövzu ilə bağlı bir təcrübəmi də bölüşmək istərdim. Azərbaycan Respublikası Prezidentinin 13 fevral tarixli sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təklifləri ilə Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanmışdı. Bu çərçivədə teatr truppamız “Arzu yaradan gələcək” adlı tamaşa səhnələşdirdi. Tamaşa gənclik, dostluq, ilk sevgi və həyat yollarının kəsişməsindən bəhs edirdi. Tima və dostlarının hekayəsi izləyicilərə nostalji hisslər yaşatdı, emosional dərinliyi və səmimi yumoru ilə fərqlənib.
Bu tamaşa Lənkəran Dram Teatrının səhnəsində də uğurla nümayiş olundu. İstər Bakı, istərsə də bölgələrdə eyni dərəcədə rəğbətlə qarşılandı. Tamaşa bütün yaş qrupları tərəfindən sevildi. Orta yaşlılar keçmiş illərə qayıtdı, gənclər isə telefonsuz, texnologiyasız dövrün necə gözəl və mənalı olduğunu dərk etdilər”.
Nigar Xəlilli