Mir Cəlalın “Bir gəncin manifesti” əsəri gürcü dilində təqdim olunub

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:13 31.05.2025

Tbilisidə keçirilən Beynəlxalq Kitab Festivalı çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın məşhur “Bir gəncin manifesti” əsərinin gürcü dilində nəşrinin təqdimat mərasimi keçirilib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, kitab Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunub. Əsəri gürcü dilinə Gürcüstan Dövlət Mükafatı laureatı, tanınmış yazıçı və tərcüməçi İmir Məmmədli tərcümə edib.

 

Tədbirdə Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, iki ölkənin tanınmış elm, ədəbiyyat və mədəniyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri, festival iştirakçıları, gürcü yazıçılar, nəşriyyat təmsilçiləri və tələbələr iştirak ediblər.

 

Mədəniyyət nazirinin müşaviri Orxan Sadıqov (Fikrətoğlu), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Lalə Həsənova, tərcüməçi İmir Məmmədli, Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, yazıçı Davit Şemokmedeli, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli çıxış edərək yeni nəşrin iki xalq arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıblar.


Tədbir Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm addım kimi dəyərləndirilib.