HƏMAS və İsrail Qəzzada 60 günlük atəşkəs haqqında razılığa gəliblər

Tarix: 20:01 30.05.2025
Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzza zolağında 60 gün müddətinə atəşi dayandırmaq barədə razılığa gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu razılığın əldə olunması çox sevindiricidir:
“Arzu edək ki, sonunda müddətsiz atəşkəs əldə olunsun. Çünki, 10 minlərlə günahsız insan həyatını itirməkdədir. Xüsusilə, Qəzza bölgəsində baş verənlər bir insan dramıdır, faciəsidir. Azyaşlı körpələr vəhşicəsinə qətli yetirilirdi. Bu dəhşətli faciə qarşısında təəssüflər olsun ki, dünya birliyi uzun müddət idi ki, susurdu. Hesab edirəm ki, indiki razılığın əldə olunmasında ən böyük rolu qardaş Türkiyə oynayıb. İlk vaxtlardan qardaş ölkə günahsız fələstinlilərin yanında oldu, sona qədər müdafiə etdi. Bu da təbii ki, daha çox fələstinlinin öldürülməsinin qarşısını aldı. Burada Amerika da böyük rol oynamamış deyil. Artıq Ağ Ev savaşın getdikcə dərinləşməsinin dünyaya xoş heç nə, xüsusilə, müttəfiqi İsrailə müsbət nəsə vəd etmədiyini yaxşı görürdü. Onun üçün də atəşkəsin əldə olunmasında maraqlı görünürdü. Bütün bunlardan çıxış edərək Amerika və Türkiyənin bu atəşkəsin əldə olunmasında ən böyük rol oynadıqlarını deyə bilərik. Beynəlxalq təşkilatlara gəlincə, onlar Ukrayna savaşında olduğu kimi, İsrail-Fələstin qarşıdurmasında da boş-boş bəyanatlar verməkdən başqa bir iş görmədilər. Bu gün də eyni hal davam edir. HƏMAS-ın atəşkəsə tələsik şəkildə getməsi təbii ki, onun getdikcə zəiflədiyini göstərir. Bu da təbiidir. Çünki, güclər nisbəti heç bir halda bir ölçüyə gələ bilməzdi. Hələ HƏMAS bu qədər dirənə bildisə, bu onun böyük uğuru idi”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, hesab edirəm ki, bu son atəşkəs olmayacaq:
“İki aydan sonra tərəflər yenidən döyüş meydanına qayıdacaqlar. O zaman daha amansız olacaqlar. Çünki, 60 gün güc yığandan sonra geri dönəcəklər. Nəinki qarşıdakı 60 gündə, ümumiyyətlə, qarşıdakı zamanlarda İsraillə Fələstin arasında etimadın qurula biləcəyindən danışmaq olmaz. Çünki, düşmənçilik toxumları elə səpilib ki, tərəflərin bir araya gəlməsi mümkünsüz görünür. Açığı həm də elə beynəlxalq güclər var ki, bu iki tərəf arasında birdəfəlik sülhün əldə olunmasını istəmirlər. Ona görə ki, əllərində olan təzyiq riçarklarından biri də budur”.
Aysel Mirzəyeva