Fidan Zelenski ilə görüşüb

Tarix: 20:02 30.05.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyənin əsas məqsədi Rusiya və Ukraynanı danışıqlar masasına gətirməkdir:
“Hakan Fidan hazırda Ukraynadadır. Əvvəlcə Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa ilə, daha sonra isə Zelenski ilə görüşüb. Hazırda Türkiyənin əsas məqsədi Rusiya və Ukraynanı danışıqlar masasına gətirməkdir. Rusiya artıq bəyan edib ki, iyunun 2-də İstanbula növbəti raund üçün nümayəndə heyətini göndərəcək. Ukraynanın isə bu barədə hələlik rəsmi cavabı yoxdur. Ukrayna bildirib ki, Rusiya əvvəlcə konkret bir plan təqdim etməlidir – yəni, hansı məsələlərdə güzəştə getməyə hazırdır, mövqeyi nədən ibarətdir və.s. Çünki Ukrayna düşünür ki, Rusiya üçün danışıqlar sadəcə imitasiya xarakteri daşıyır – yəni özünü sülhdə maraqlı tərəf kimi göstərməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, Rusiya demək olar ki, hər gün Ukrayna cəbhəsində hansısa məntəqəni ələ keçirdiyini bəyan edir. Məsələn, bu gün Xarkov istiqamətində daha bir yaşayış məntəqəsinin ələ keçirildiyini ruslar bildiriblər. Bu da Ukraynanın istər-istəməz Rusiyanın sülh niyyətinə skeptik yanaşmasına səbəb olur. Buna görə də Türkiyə çalışır ki, tərəflər danışıqlar masasına əyləşsinlər və aralarında etimad mühiti yaransın. Mən düşünürəm ki, Hakan Fidanın Ukraynaya səfərinin əsas məqsədi növbəti danışıqlar raundunun İstanbulda keçirilməsinə nail olmaqdır. Düşünmürəm ki, bu danışıqlar Ukrayna və Rusiyanın fundamental mövqelərinə ciddi təsir göstərəcək. Çünki bu məsələlər hər iki ölkə üçün qırmızı xətdir, milli maraq məsələsidir və bu mərhələdə onlar bu mövzularda güzəştə getmək niyyətində deyillər – nə Ukrayna, nə də Rusiya. Rusiya işğal etdiyi əraziləri öz nəzarətində saxlamaq istəyir, Ukrayna isə ərazi bütövlüyünü bərpa etmək niyyətindədir”.
Politoloq NATO–Rusiya münasibətlərinə də aydınlıq gətirib:
“NATO–Rusiya münasibətləri onsuz da ən gərgin səviyyədədir. Soyuq müharibə dövründə belə, bu səviyyədə gərginlik tərəflər arasında konfrontasiya ehtimalını bu qədər artırmamışdı. Yəni NATO ilə Rusiya arasında hətta siyasi dialoq belə yoxdur. 2022-ci ildə müharibə başladıqdan sonra NATO bütün kontaktları, o cümlədən siyasi kanalları da ləğv etdi. Buna görə də burada söhbət yalnız və yalnız Rusiyanın aqressiv siyasətinə qarşı NATO-nun sərt mövqe sərgiləməsindən gedə bilər ki, NATO bunu artıq həyata keçirir. Üzv ölkələr hərbi xərcləri artırır. Avropa isə artıq müstəqil şəkildə hərbi təhlükəsizlik mexanizmlərini inkişaf etdirməyə başlayıb və bu da NATO-nun Rusiya ilə mümkün gələcək müharibəyə hazırlaşdığının göstəricisidir. İstanbul danışıqları ən yaxşı halda müəyyən bir atəşkəsə gətirib çıxara bilər. Lakin bu, müharibənin başa çatması və ya sülh anlamına gəlməyəcək. Düzdür, əgər danışıqlar nəticəsində müəyyən uzlaşma əldə olunarsa, bu, hər halda faydalı olar. Hazırda bəzi mənbələrə görə, növbəti İstanbul danışıqları Türkiyədə Tramp, Putin, Ərdoğan və Zelenski arasında görüşə səbəb ola bilər. Əgər belə bir görüş baş tutarsa, bu zaman daha ciddi addımlar atıla bilər. Amma mən bu görüşün yaxın vaxtlarda baş tutacağı ehtimalını yüksək qiymətləndirmirəm”.
Lalə Qurbanlı