Rusiya, ABŞ və Ukrayna bir masaya əyləşə bilərmi? -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:59 30.05.2025

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, müharibənin ya davam etməsinə göz yumulacaq, ya da bu il ərzində daimi sülh əldə olunacaq. Fidan eyni zamanda, İstanbulda aparılan danışıqların konkret nəticələr verdiyini vurğulayaraq, ABŞ, Rusiya və Ukrayna liderlərinin Türkiyədə bir araya gəlmə ehtimalını gündəmə gətirib.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, müharibənin bu qədər uzanması təəccüblü deyil: 

 

“Müharibə tez başa çatsaydı, bu, gözlənilməz olardı. Hazırda Rusiya faktiki olaraq Ukrayna ilə deyil, NATO-nun ümumi hərbi potensialının 70-80 faizi ilə mübarizə aparır. Əgər münaqişə yalnız Ukrayna ilə məhdudlaşsaydı, savaş daha qısa müddətə sona çata bilərdi. Hazırda NATO-nun imkanlarının təxminən 50 faizindən çoxu bu müharibəyə cəlb olunub və buna görə də tərəflər demək olar ki, bərabər şəkildə irəliləyirlər. Bu kontekstdə müharibənin uzunmüddətli olması gözlənilən haldır.

Əgər Ukrayna bu qədər beynəlxalq dəstək almasa idi, müharibə daha tez yekunlaşardı. 

 

Rusiya rəhbərliyinin Ukrayna liderləri ilə görüşmək niyyətində olduğu ehtimal olunmur. Əgər Vladimir Putin bu cür görüşlərdə maraqlı olsaydı, əvvəlki İstanbul danışıqlarında iştirak edərdi. Rusiya bu cür diplomatik təşəbbüslərdə iştirak etmək istəmir, çünki hazırda həm strateji, həm də taktiki üstünlüyə sahibdir.

 

 

ABŞ-lə Rusiya arasında münasibətlər son dövrlərdə ürəkaçan deyil. Donald Tramp administrasiyası rəsmi Moskvanın gözləntilərinə cavab vermədiyi üçün narazılıq mövcuddur. Bununla belə, Trampın hakimiyyətdə olması Rusiyaya daha əlverişli hesab olunur. Rusiya üçün Tramp administrasiyası ilə əməkdaşlıq, Demokratlarla müqayisədə daha rahat görünür”.

 

Siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, hazırda Qərb daxilində ciddi fikir ayrılıqları müşahidə olunur:

 

“Avropa İttifaqı çaşqın vəziyyətdədir, çünki ABŞ Rusiya ilə münasibətlərdə radikal mövqe sərgiləmir və nəticədə Avropa Ukraynanın əsas dəstəkçisi kimi tək qalır. Avropa ölkələri arasında da parçalanma mövcuddur: bəziləri Ukraynanı daha güclü şəkildə dəstəkləmək tərəfdarıdır, digərləri isə əlavə resurs sərf etməyi qeyri-effektiv hesab edir.

 

 

Avropa daxilindəki bu fikir ayrılıqları, eyni zamanda Rusiyanın hərbi sahədəki taktiki üstünlükləri müharibənin davam etməsinə səbəb olur. Rusiya danışıqlar prosesinə daha çox ərazi ilə daxil olmaq niyyətindədir ki, bu da onun mövqeyini gücləndirsin. Bu səbəbdən sülh danışıqları ləngidilir və təxirə salınır.

 

 

ABŞ müharibənin başa çatmasını istəyir və Tramp administrasiyası Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətindədir. Müharibədən sonra ABŞ Ukraynaya investisiya yatırmaq və Şərqi Avropa ilə yanaşı, Yaxın Şərqə diqqət yönəltmək istəyir. Lakin bu planlar baş tutmur, çünki Avropa müharibənin sona çatmasında maraqlı deyil və Ukraynanı silahlandırmağa davam edir.

 

Nəticədə Ukrayna Avropadan asılı vəziyyətə düşür və təzyiqlərlə qarşılaşır. Bu vəziyyət Kiyevi müharibəni davam etdirməyə məcbur edir. Rusiya isə adekvat cavab verir və hərbi əməliyyatları davam etdirir. ABŞ Rusiyaya qarşı təzyiqlər göstərməyə cəhd edə bilər, məsələn, enerji resurslarının qiymətini artırmaqla, lakin bu üsulun effektivliyi də sual altındadır”.

 

 

Əminə Əliyeva