"Həyatımdan parçalar"

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:03 03.06.2025

Beş kitab müəllifi, AYB üzvü və Prezident təqaüdçüsü olan Səma xanımın son əsəri – “Həyatımdan parçalar” – sadəcə bir roman deyil, yazıçının uşaqlığı, ağrıları və ruhi dönüş nöqtələri ilə dolu bir etirafdır. Yeni kitabı haqqında daha ətraflı danışmaq və oxucuların hələ tanımadığı “balaca Səma” ilə tanış olmaq üçün onunla söhbətləşdik.

 

Yeni kitabın yazılma prosesi və həmin prosesdəki hissləri ilə bağlı Səma Muğanna "İnformator.az"a bildirib ki, yazıçı qələmi əlinə alandan danışmağa başlayır:

 

"Amma mənə elə gəlir ki, o, sadəcə danışmır – yeni övladının axtarışına çıxır. Bilir ki, qələm onu haradasa gizlədib və onu tapmalı olduğunu dərk etdiyi üçün təlatüm içində olur.

 

Niyə məhz “təlatüm” dedim? Çünki bu günə qədər yazdığım bütün əsərlərdə, qələmə aldığım kitablarda o təlatümü – həyəcanı, narahatlığı, gərginliyi yaşadım. Amma "Həyatımdan parçalar"ı yazarkən artıq qarşımdakı obraz mistik və ya təxəyyül məhsulu deyil, məhz Səmanın özü idi. Qarşımda özü dayandığı üçün üzərimdə daha böyük məsuliyyət hiss edirdim. Sanki ağır bir imtahana girirdim. Həyatımda ağır imtahanlar çox olub.

 

Qibləgahımı itirdiyimdə onun cəfalı firuzəsini... Daha sonra aktyorluq sənəti ilə bağlı verdiyim imtahan. "Həyatımdan parçalar"ı yazarkən içimdə məhz o həyəcanı, o təlatümü yaşadım. Elə bil, ruhumdakı balaca Səma məndən qoparılmış, yad və qaranlıq bir yerdə idi. Və mənə bir öhdəlik verildi – onu tapmaq.

 

Ona verəcəyim çoxlu suallar var idi. Amma eyni zamanda cavablar da verməliydim. Çünki o hələ balacadır. Qarşıda onu nələrin gözlədiyini bilmir. Amma mən, Səma, bilirəm.

 

Kiminsə gözü ilə bu mistik, kiminsə gözü ilə yalan, ya da sadəcə bir xəyal ola bilər. Amma o Səmanı mən yuxularımda daima görürdüm. Uzun qara saçlı, qəhvəyi gözlü, gülümsəyən simalı, şirin balaca bir qızcığaz. Həmişə mənə baxaraq gülürdü. Əlini uzadırdı, amma mən onu tutmağa çalışsam da, bacarmırdım.

 

"Həyatımdan parçalar"ı oxuyanlar, xüsusən də dördüncü və səkkizinci mənzildə nə demək istədiyimi anlayacaqlar. Dördüncü mənzildən beşinciyə keçəndə elə bil əlimdə tutduğum balaca Səmanın barmaqları vardı – sonra o barmaqlar əlimdən qopub getdi. Qarşımda duran o balaca qızcığazın ruhu bədənindən çıxıb külə çevrildi. Bunun təsviri belə dəhşətlidir: insan öz ruhunun, varlığının parçalanıb külə döndüyünü görür. Mən bunu yaşamışam, görmüşəm.

 

Beşinci mənzilə keçid isə Səmanın həyatında çox ağrılı günlərin başladığı mərhələ idi. Həm məktəb həyatında, həm də ailəvi itkilərlə bağlı çətinliklərlə üzləşdi.

 

Buradan oxuculara səslənirəm: altı, ya da səkkiz yaşlı bir qızcığaz gecə qaranlığında yolun kənarında dayanıb gözləri yolda gözləyir və heç kim onu tapa bilmir... O an başa düşdüm ki, balaca Səmanı itirmişəm".

 

Həmçinin yazıçı bildirib ki, əvvəlki kitablarında yazısı avtobioqrafikdir, amma içində mistika və göylərlə bağlılıq var:

 

"Qibləgahım kimi Səma da göylərlə bağlıdır. Tanrı ilə, əsasən də Qibləgahı ilə söhbət edir. Bundan əvvəlki romanım — "Qeyb olan uşaqlıqda" da Səmadan bir parça var idi, amma bütövlükdəki Səma deyildi. "Həyatımdan parçalar"da isə oxucular o pozitiv, gülən, şən, həyat eşqi ilə dolu Səmanı yenidən, bəlkə də ilk dəfə yeni tanıyacaqlar. İnsanlar adətən maskalanırlar, amma Səma maskalanmayıb. Sadəcə kiminə görə o, önündəki qalxanı qaldırıb, kiminə görə isə bağlayıb.

 

Kitabın adı da məhz buna bağlıdır: "Həyatımdan parçalar". Burada Səma itirdiyi parçalarını qələmə alıb ki, oxucular onlara sığal çəksin, qayğı göstərsinlər. O balaca Səmanı və daxilindəki 19 yaşlı Səmanı tanısınlar, yəni əsl Səmanı.

 

Hamı Səmanı həyat eşqi ilə, duyğusal olaraq görür, amma bu əsər onun daxilindəki nifrəti, fırtınanı, dəhşətləri, gecələri – heç kəsə danışmadığı, gündüzləri gördüyü kabusları – açacaq.

 

Oxucular bu kitabı sadəcə əsər kimi yox, sanki yazıçı və qəhrəman Səma ilə söhbət edirmiş kimi oxuyacaqlar. Bu kitab onları həmin balaca qəhrəmanla üzləşdirəcək".

 

Eyni zamanda yazıçı bildirib ki, bu kitabı fərqləndirən əsas məqam Səmanın özü olmasıdır:

 

"Bəzən acı həqiqət insanı acı qəhvə və ya şokolad kimi incidə, yanğı yarada bilər, amma burada da oxucular Səmanın yanğılarını duyacaqlar. Məsələn, “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” əsərlərini müqayisə etsək, “Qeyb olan uşaqlıq”da Çiçək obrazının bir hissəsi Səmaya bağlıdır. Lakin burada heç bir ad və əlavə xüsusiyyət olmadan, məhz Səmanın özü və onun təsvirləri, dünyası ön plandadır.

 

Oxucuda belə fikir yarana bilər ki, bəs Səmanın digər əsərlərində də onun dünyası əks olunmayıb? Əlbəttə, əks olunub. Amma burada hər şey tam açıq, həqiqidir və reallığa söykənir. Heç bir mistik elementdən istifadə olunmayıb.

 

Bu kitab əslində insanlara işıq olacaq. Bəziləri üçün bağlı qapıları açacaq, bəziləri üçün uçuruma yaxınlaşanda onu məhv olmaqdan qoruyacaq. Bu kitabı oxuyan hər kəsə yeni nəfəs gətirəcək".

 

Sonda isə müsahibimiz bildirib ki, yazıçının ağlında və düşüncəsində daim fikirlər dolaşır:

 

"Qələm elə bir varlıqdır ki, insanı dəli dərəcəsinə gətirir, sanki hipnoz edir – yazmalısan. İstər real həyatdan götürülən, istər arzu olunan, istərsə də təxəyyüldə canlandırılan hadisə olsun, yazıçının zehnində həmişə bir məhsul var.

 

Mənim daxilimdə bir ruh, bir “ikinci mən” var və bunu məndən başqa heç kim bilmir. Sürpriz etməyi sevirəm. İnsanları əvvəlcədən xəbərdar edib onları gözümə maraqsızlaşdırmaq istəmirəm.

 

Bu kitabın ərsəyə gəlməsində bağışlamadığım insanlar vardı. Adlarını çəkməyəcəyəm – oxuyanlar anlayacaqlar. Sanki balaca Səma ilə üzləşməli idim. Dərin bir inciklik vardı içimdə. Ondan uzaqlaşdığımı hiss edirdim və qərara gəldim: cəsarətimi toplayıb onunla danışmalıyam, suallarına cavab tapmalıyam.

 

Bu romanı yazarkən özümə söz verdim: qəlbimdə nə ona, nə də məni incidən heç kimə qarşı nifrət olmayacaq. Sadəcə boşluq...

 

Nəhayət, balaca Səmaya dedim: “Artıq ürəyimdə bağışlamadığım kimsə yoxdur. Mən onları bağışlamışam. Əziz balaca, sən də Tanrının yanına geri dönə bilərsən. Sənin yerin ordadır – Qibləgahının yanıdır. Get və onlara de ki, biz danışdıq, üzləşdik. 19 yaşlı Səma cəsarətini toplayıb, balaca, amma ruhu yaşından böyük olan Səmaya həqiqətləri açıqladı.

 

Bu kitabı yazmağa 2024-cü ilin iyulunda başladım. Yeni semestr imtahanları bitdi. Yazmağa çalışdıqca sanki nəsə məni geri çəkirdi, icazə vermirdi. Çox mübarizə apardım. O balaca Səma ilə mübarizə apardım. Biz qalib gəlməli idik – təkcə mən yox, o da yox – ikimiz birlikdə. Uşaqlıqda və yeniyetməlikdə yaşadığımız hadisələrə qalib gəlmək üçün...

 

Bu kitab belə ərsəyə gəldi. Bu dəfə mənə kömək edən o "ikinci mən" – balaca Səma oldu. İndi ruhum yenə onunladır, amma artıq o altı-səkkiz yaşlı, gözlərində qorxu və kədər olan Səma deyil. İndi o, daha sevincli, pozitiv, həyat eşqi ilə doludur. Qəlbindəki o qorxu və kədər isə mənimlə sağollaşdı. Bu romanı bitirdik və onu göylərə yolladıq.

 

Hə, kitabın sonunda bir hissə sona çatır, amma sən hələ qaranlıqdasan. O isə işıqdadır – balaca Səma..."

 

Nigar Həsənzadə