Unudulan Fırçalar-Azərbaycan rəssamlığında qadın imzası

Bölmə: Mədəniyyət › ,
Tarix: 09:50 02.06.2025

Azərbaycanda sənət tarixi dərin köklərə malikdir. Amma yazılan bu tarixdə qadın rəssamların adı unudulur və ya heç olmur. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov kimi kişi rəssamların adı çəkilərkən, eyni dövrdə fırça ilə bənzər uğurlar qazanan qadınların əsərləri bir kənarda qalır.

 

Bu sənətkarlar arasında Maral Rəhmanzadə xüsusi yer tutur. O, professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəssamdır və yaradıcılığı ilə milli incəsənətimizin inkişafında mühüm rol oynayıb. Maral Rəhmanzadənin 1970-ci ildə yaratdığı “Lənkəran qızlarının rəqsi” əsəri, onun “Azərbaycan qadınları” silsiləsinə daxil olan və qadın mövzusuna həsr etdiyi ən təsirli işlərdən biridir. Bu tabloda rəssam, Azərbaycanın zəngin mədəniyyətini və qadınların zərifliyini rənglərin və formaların dili ilə ifadə edir. Adından da göründüyü kimi, əsər üç gənc qızın rəqsini təsvir edir. Sadə səslənsə də, bu əsər Lənkəranın rəngarəngliyini, milli geyimlərini və qadınların ruhunu əks etdirən canlı bir hekayədir. Onların hərəkətləri, geyimlərinin naxışları tamaşaçını Lənkəranın mədəniyyəti ilə tanış edir. Rəssamın fırçası ilə canlandırdığı bu səhnə, həm də qadınların cəmiyyətimizdəki rolunu və onların estetik gözəlliyini ön plana çıxarır. Maral Rəhmanzadənin bu əsəri, onun qadın obrazlarını necə ustalıqla və dərinliklə təqdim etdiyini göstərir. Tabloda rəqs edən qızların mimikaları və jestləri, onların daxili dünyasını və hisslərini əks etdirir. Bu, rəssamın qadın mövzusuna olan xüsusi diqqətinin və sevgisinin bariz nümunəsidir. Hazırda “Lənkəran qızlarının rəqsi” əsəri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır və ölkəmizin mədəni irsinin dəyərli nümunələrindən biri hesab olunur. Bu tablo, Maral Rəhmanzadənin yaradıcılığının və ümumilikdə Azərbaycan qadın rəssamlarının sənətə verdiyi töhfələrin əhəmiyyətini bir daha vurğulayır.

 

Selcan Əhmədli