Buna görə 20 milyard avro itirmişik-Orban

Bölmə: Siyasət › ,
Tarix: 19:52 09.06.2025

 

Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı məhv edir. Sanksiyalara görə üç ildə 20 milyard avro itirmişik. Bu, Macarıstan üçün əhəmiyyətli məbləğdir.

 

Bunu Macarıstanın Baş naziri Viktor Orban Fransa mediasına müsahibəsində deyib.

 

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Macarıstana səfər etmək qərarına gəlsə, ölkə onu layiqincə qəbul edəcək.

 

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə “İnformator.az"a açıqlamasında qeyd edib ki, Avropada Macaristan və Slovakiya kimi ölkələr var ki, onlar müəyyən qədər orta mövqe tuturlar və nə Avropa Birliyinə qarşı çıxmaq istəyirlər, nə də Rusiyaya:

 

“Çünki enerji məsələlərinə görə Rusiyadan müəyyən qədər asılılıq var, bu da başa düşüləndir.

 

İkinci məsələ isə ondan ibarətdir ki, bəli, ola bilər ki, Macaristan 20 milyard dollardan, avrodan çox qazanc əldə etməsin. Ancaq sanksiyalardan yayınmaq üçün müəyyən yollar axtarsa, bu, Macaristan üçün problemli vəziyyət yarada bilər. Çünki o zaman Avropa Birliyinin siyasi təzyiqləri ilə üzləşəcək.

 

Orbanın fikirləri Avropa İttifaqında parçalanma riski ilə bağlıdır. Parçalanma riskinə gəldikdə, onsuz da Avropa İttifaqında bəzi dövlətlər arasında fikir ayrılıqları mövcuddur — məsələn, Almaniya ilə Fransa arasında. 2019-cu ildə isə Brexit baş verib.

 

Məsələ burasındadır ki, Avropa Birliyi daxilində fikir ayrılıqları yenə də olacaq. Amma bu, Avropa İttifaqının parçalanması demək deyil. Yəni, Avropa İttifaqı buna görə parçalanacaq deyə düşünmək düzgün olmaz”.

 

Rüstəm Tağızadə əlavə edib ki, Putinin Macaristana gəlişinə gəlincə, Putin hələ ki, Macaristana gəlmir və yaxın zamanda gələcəyinə inanmıram:

 

“Çünki Rusiya-Ukrayna müharibəsi hal-hazırda qızğın mərhələdədir və PUA-lar, dron hücumları ilə müşahidə olunur. Ona görə də Putinin Macaristana gəlişi ilə bağlı tələsik proqnoz vermək doğru olmaz.

 

Bununla yanaşı, Macaristanın baş naziri Viktor Orban tez-tez Avropa Birliyi əleyhinə çıxış edən liderdir. Ona görə də onun bəyanatlarına alışmaq lazımdır — xüsusilə mediada. Bu baxımdan düşünürəm ki, Macaristanda Rusiya ilə münasibətlərin qorunması üçün hələ ki, addımlar atılacaq”.

Mahmudlu Ləman