Rusiyadan Qarabağ haqqında açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 21:45 10.06.2025

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır.

 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya həmişə belə bəyanatlar verib:

 

“İlk dəfə deyil ki, Zaxarova Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı ilə bağlı bəyanat verir. Fakt odur ki, otuz il ərzində də, hətta münaqişə dönəmində də Rusiya həmişə deyirdi ki, o, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Amma reallıqda Rusiyanın Ermənistanı siyasi və hərbi cəhətdən dəfələrlə dəstəklədiyinin şahidi olmuşuq. ATƏT-in Minsk qrupu kimi münaqişənin sülh yolu ilə həllində ciddi addımlar atmadığının şahidi olmuşuq və vəziyyət oraya gəlib çatdı ki, Azərbaycan özü öz gücü hesabıyla beynəlxalq hüququ və ədaləti təmin etdi, ərazilərini işğaldan azad etdi və Qarabağı geri qaytardı. Dünən isə Medinskinin açıqlaması bir daha onu göstərir ki, Rusiyanın mövqeyində ziddiyyətlər davam etməkdədir. Onun Rusiya-Ukrayna hərbini Ermənistan-Azərbaycan münaqişəsinə bənzətməsi, Qarabağı mübahisəli ərazi kimi verməsi, sözsüz ki, beynəlxalq hüquqa və Azərbaycanın haqlı mövqeyinə uyğun deyil. Burada iki nəticə çıxartmaq olar. Ya Medinski ciddi bir səhv buraxıb, ya da ki, bu Rusiyanın hazırki mövqeyidir və Rusiya bununla bağlı Azərbaycana cavab verməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı haqlı bəyanat verdi ki, Medinskinin bu açıqlamaları həqiqətə uyğun olmadığı kimi, Azərbaycan-Rusiya münasibətlərində də heç bir müsbət hal gətirməyəcək. Onu da nəzərə çatdırım ki, Azərbaycan-Rusiya münasibətləri dekabr hadisəsindən bugünə qədər müsbət məcrada inkişaf etmir. Burada da ilk növbədə Rusiyanın hadisədə məsuliyyət sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi və Azərbaycana qarşı vaxtaşırı Rusiya mediasında ziddiyyətli bəyanatların səsləndirilməsi və indi də Medinskinin bu açıqlaması onu göstərir ki, Rusiya əfsuslar olsun ki, məsələyə hələ ki konstruktiv yanaşmaq istəyində deyil. Bu münasibətlərdə də özünü göstərməkdədir”.

 

Lalə Qurbanlı