ABŞ Ukraynanı “göz və qulaq”dan məhrum edəcək?

Bölmə: Siyasət › ,
Tarix: 20:39 11.06.2025

 

ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq çağırışına baxmayaraq, onun administrasiyası hələlik Ukrayna Silahlı Qüvvələrinə peyk kəşfiyyatı və uzaqmənzilli zərbələr üçün hədəf koordinatlarının ötürülməsini dayandırmağı planlaşdırmır. Bu barədə Foreign Policy nəşri Vaşinqtondakı mənbələrə istinadla məlumat yayıb.

 

Məqalədə bildirilir ki, Tramp diplomatik proseslərdə fəallıqdan çəkinsə də, ABŞ Ukraynadan tam imtina etməyəcək. Respublikaçı siyasətçilər Ukraynanın mümkün məğlubiyyətinin Vaşinqton üçün ciddi geosiyasi itkilərə səbəb ola biləcəyini anlayırlar.

Qeyd olunur ki, Ukraynanın ABŞ peyk kəşfiyyatına çıxışı davam edəcək. Bu məlumatlar Ukrayna ordusu üçün “göz və qulaq” funksiyasını daşıyır və dəqiq zərbələrin endirilməsində həlledici rol oynayır.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az"a açıqlamasında qeyd edib ki, hesab edirəm ki, bu məlumat Ukraynaya verilən növbəti ümidlərdən biridir:

 

“Doğrudur, Amerikanın Kiyevə dəstəyi davam edir. Baxmayaraq ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra bu dəstəyi dayandıracağını bəyan edib. Zatən bu dəstəyin tam dayandırılması mümkünsüz görünür. Çünki ABŞ-nin dünyadakı nüfuzuna daha da böyük zərbə dəyə bilər. Bu səbəbdən Tramp hələlik “sülhpərvər” rolunda çıxış etməyə davam edir”.

 

Siyasi şərhçi əlavə edib ki, Birləşmiş Ştatların Ukraynadan tamamilə imtinası isə heç bir halda mümkün görünmür:

 

“Bu, ABŞ-nin dünyada əsas supergüc kimi sıradan çıxması ilə nəticələnə bilər. Hətta belə bir vəziyyətdə onun yerini Çin və Rusiya kimi pusquda dayanan güclər tuta bilər. Çünki hər kəsə məlumdur ki, Ukrayna savaşı daha çox Rusiya-Qərb və ya Rusiya-Amerika savaşı kimi qəbul olunur.Təbii ki, Ukraynanın ABŞ-nin peyk kəşfiyyatına çıxışı daim davam edəcək. Bunun qarşısı alınmayacaq. Amma bu, Ukraynanın döyüş ruhuna necə təsir edəcək? Bu sualınıza cavab olaraq deyə bilərəm ki, heç bir təsiri olmayacaq. Zatən olsaydı, indiyə qədər təsir edərdi.

 

Ukraynaya ABŞ tərəfindən edilən hərbi yardımların azalması təbii ki, Vaşinqtonun nüfuzuna təsirsiz ötüşə bilməz. Amma bunun ciddi təsirinin olacağı da gözlənilmir. Amerika supergücdür və istər NATO, istərsə də digər birliklər onunla hesablaşmağa məcburdurlar.


Bu savaşda Ukraynaya edilənlər artıq edilib. Bundan sonra əlavə yeni addımların atılacağını düşünmürəm. Müharibə bu formada hələ bir müddət davam edəcək. Qərb istədiyini əldə etdikdən sonra Ukrayna danışıqlar masasına oturdulacaq”.

 

 

Mahmudlu Ləman