ABŞ Çindən İranı Hörmüzü bağlamamağa çağırıb

Bölmə: Siyasət › ,
Tarix: 21:56 23.06.2025

ABŞ və İran arasındakı gərginlik artmaqda davam edir və Hörmüz Boğazının bağlanması qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır. Bu səbəbdən ABŞ, Çini İranı bu addımdan çəkindirməyə çağırır. Çin isə həm iqtisadi, həm də siyasi əlaqələrinə görə bu məsələdə mühüm təsirə malikdir.

 

Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, regionda olduqca təhlükəli bir vəziyyət yaranıb:

 

"Ayın 13-də İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumundan sonra İran cavab verməyə başladı və bundan sonra hər iki tərəfdə ciddi dağıntılara və təlafatlara səbəb olan qarşılıqlı hücumlar başlanıb. ABŞ prezidenti Donald Trump İranın bir neçə hərbi rəhbərinin İsrailin hücumları nəticəsində öldürülməsindən sonra qeyd etdi ki, artıq danışıqlar masasına qayıtmaq olar. Yəni, deyirdi ki, ABŞ danışıqlarını həyata keçirənlər arasında sərt mövqe tutanlar artıq yoxdur və danışıqlar masasına qayıtmaq mümkündür. Bu da göstərir ki, aydın şəkildə bütün bunların arxasında ABŞ dayanır və ABŞ 21-dən 22-nə keçən gecə İranın üç nüvə obyektini bombaladıqdan sonra “sülh vaxtıdır” ifadəsini işlədib. Sözsüz ki, bütün bunlar göstərir ki, İsrail ilə İran münaqişəsinin iştirakçıları yalnız İsraildən və İrandan ibarət deyil.
Burada ABŞ mərkəzi rol oynayır və digər tərəfdən, İranla sıx əlaqədə olan ölkələr də proseslərə seyirci mövqeyində qala bilməzlər. Bu mənada Rusiyanı və Çini də qeyd etmək lazımdır. Bildiyimiz kimi, bir neçə ay əvvəl Rusiya ilə Çin arasında strateji müttəfiqlik haqqında sənəd imzalanıb. Rusiya İranı birbaşa hərbi dəstəkləməsə də, İrana siyasi dəstəyini nümayiş etdirir. Çin də tərəflər arasında dialoqun vacibliyini vurğulayır, lakin nəzərə almaq lazımdır ki, mahiyyət etibarilə ABŞ Çini öz rəqibi kimi görür və regionda ciddi qarşıdurmalardan çox narahatdır. Bu baxımdan ABŞ aydın təsəvvürə malikdir ki, Çinlə İran arasında çox sıx əlaqələr var və İran hasil etdiyi neftin 90%-ə qədərini Çinə satır. Yəni Çinin enerji təhlükəsizliyinin təmin olunmasında İranın böyük rolu var, əlavə olaraq İranda Çinin ciddi sərmayələri mövcuddur. İki ölkə arasında münasibətlər həm iqtisadi, həm də siyasi baxımdan çox sıxdır. Buna görə də ABŞ düşünür ki, Çinin İrana təsir imkanları mövcuddur və Hörmüz Boğazının bağlanmasından İranı Çin vasitəsilə çəkindirməyə çalışır".

 

Ekspert həmçinin bunu da bildirib ki, Əgər İranın bildirdiyinə görə vəziyyət sürətli eskalasiya edəcəksə və ABŞ daha açıq müdaxilə edəcəksə, yəni pərdəarxası addımlardan çıxıb birbaşa İrana hərbi hücumlar təşkil edəcəksə, İran da regionda ABŞ bazalarına analoji addımlar atacaq:

 

"İran parlamenti artıq Hörmüz Boğazının bağlanması ilə bağlı qərar qəbul edib və bu qərarın təsdiqi Ali Milli Təhlükəsizlik Şurasından asılıdır. Ali Milli Təhlükəsizlik Şurasına rəhbərlik İran prezidenti Fizeşpiyan həyata keçirir. Lakin bildiyimiz kimi, bu sahədə son sözü deyə biləcək şəxs İranın Ali Dini rəhbəridir və o, hələlik bununla bağlı qərar verməyib. Yəni hazırda Hörmüz Boğazı fəaliyyətini davam etdirir. Amma düşünürəm ki, eskalasiya olarsa və ABŞ birbaşa müdaxilələrini davam etdirərsə, Hörmüz Boğazı bağlana bilər. Bu, dünya enerji bazarında ciddi böhran yarada bilər. Boğaz vasitəsi ilə dünya neft daşımalarının təxminən 20%-i, sıxılmış qazın isə 30%-i enerji bazarına çıxarılır. Bu, neft və qazdan asılı olan istehsal sahələrində ciddi durğunluğa səbəb ola bilər. Yəni, qlobal iqtisadiyyata çox ciddi zərbə vuracaq. Hörmüz Boğazının qısa müddətdə bağlı qalması milyardlarla dollar zərərə səbəb ola bilər. Bu baxımdan ABŞ narahatdır və hesab edir ki, Çin bu məsələdə təsirli rol oynaya bilər. Lakin hazırda Çinin mövqeyi ondan ibarətdir ki, Çin İranda rejim dəyişikliyini istəmir. Bu, nə Rusiyanın, nə də Çinin maraqlarına cavab verir. Hazırki rejimlə Çin və Rusiya kifayət qədər normal münasibətlərə malikdirlər, rejim dəyişikliyi isə ancaq o zaman baş verə bilər ki, hakimiyyətə gələcək qruplara özlərinin birbaşa nəzarətində olduqlarından əmin olsunlar. Bu isə Çinin və Rusiyanın maraqlarına ziddir. Ona görə də hazırkı rejimin dəyişdirilməsi Çin və Rusiyanın maraqlarına uyğun deyil. Çin İranı dəstəkləyir və artıq İrana hərbi yardım göstərməkdədir. İran 40 ildən artıq sanksiyalar altında yaşasa da, hərbi gücə malikdir və düşündüyümüz qədər zəif ölkə deyil".


Gülhüseynova Güllər