Çin vətəndaşlarını təxliyə edib

Tarix: 21:59 23.06.2025
Çin, İsrailin davam edən hücumları fonunda İran ərazisindən 3 mindən çox vətəndaşını uğurla təxliyə edib. İranın raket zərbələrinə məruz qalan İsrail ərazisindən isə əlavə olaraq 500 Çin vətəndaşı çıxarılıb. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, təxliyə üçün müraciət edən hər kəs münaqişə zonalarını təhlükəsiz şəkildə tərk edib. Təxliyələr regional qeyri-sabitliyin artması və Yaxın Şərqdə hava məkanının kütləvi şəkildə bağlanması fonunda həyata keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Çinin öz vətəndaşlarını İsrail və İrandan təxliyə etməsi, savaşın davam edəcəyini və ehtimal ki, Çinin də bu prosesə müdaxilə edə biləcəyini istisna etmir:
"İqtisadi münasibətlərə, xüsusilə İranla ticarət mübadiləsinə zərbə dəyən Çin təbii olaraq bu vəziyyətdən narahatdır.Çin vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Bu səbəbdən Çin həmin ölkələrin hər birinə minnətdarlıq ifadə edib. İyunun 21-də 740-dan çox Çin vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə olunub. Azərbaycanın göstərdiyi bu humanist dəstəyə görə Çin ölkəmizə ayrıca təşəkkürünü bildirib".
Politoloqun sözlərinə görə beynəlxalq təşkilatların bu məsələlərdə aktivliyi isə o qədər də müşahidə olunmur:
"Bu, ola bilsin ki, İsrail və ABŞ-nin təsiri ilə bağlıdır. Əgər müharibə öz aktivliyini qoruyarsa və vətəndaşlar üçün ciddi təhlükə davam edərsə, digər ölkələrin mülki vətəndaşları da təxliyə oluna bilər. Bu, eyni zamanda həmin ölkələrin müharibədə hansı tərəfi dəstəkləməsi ilə də bağlıdır. Təbii ki, İsraili dəstəkləyən ölkələrin vətəndaşları İranda, İranı dəstəkləyən ölkələrin vətəndaşları isə İsraildə qala bilməz.Artıq cəbhələr müəyyən olunur, tərəflər öz müttəfiqlərini də məsələyə cəlb etməyə ciddi cəhdlər göstərirlər. İran Rusiyada danışıqlar aparır, İsrail isə ABŞ-nin daha aktiv iştirakını təmin etməyə çalışır. Bununla yanaşı, Türkiyə və Azərbaycan kimi müharibənin dayanmasını, sülhün təmin olunmasını istəyən və buna çalışan ölkələr də var. Çünki bu savaş region üçün də xoş heç nə vəd etmir. Müharibə aktiv fazaya keçməkdə davam edir. Əgər ehtimal olunan atəşkəsə nail olunmasa, üçüncü və daha çox ölkənin münaqişəyə qoşulması mümkündür. Bu halda daha çox ölkə öz vətəndaşlarını təxliyə etməyə məcbur ola bilər".
Aygün Babayeva