Çin vətəndaşlarına müraciət edib

Tarix: 18:14 03.07.2025
Çinin Tehrandakı səfirliyi öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Çin dünyada baş verən hərbi münaqişələrə olduqca həssas yanaşan dövlətlər sırasındadır:
"Rəsmi Pekin başqa dövlətlərlə hərbi münaqişələrə xüsusi həvəs göstərməsədə, digər ölkələrdə baş verən hərbi münaqişələrə həssas yanaşır. İlk növbədə münaqişə tərəflərini sülhə çağırır və eyni zamanda öz vətəndaşlarənın qorunmasına önəm verir. Bu baxımdan İranda yaranmış qəliz situasiyanı nəzərə alan Pekinin Çin vətəndaşlarına səfər etməkdən yayınmalarını tövsiyə etməsi gözlənilməz deyil. Rəsmi Pekin üçün Çinin maraqları və Çin vətəndaşlarının toxunulmazlığı xüsusi önəm daşıyır. Bu baxımdan Pekin vətəndaşlarını qorumağa çalışır. Digər tərəfdən Pekin müəyyən siyasi dairələrdən, diplomatik mənbələrdən və eyni zamanda kəşfiyyat xarakterli qaynaqlardan İranda vəziyyətin qəliz olduğu barədə ciddi məlumatlar əldə edib. Rəsmi Pekin böyük ehtimalla əmindir ki, İran ətrafında yaranmış situasiya qəliz olaraq qalır və hər an atəşkəsin pozulma ehtimalı var. Bu baxımdan Çin narahatlığını büruzə verir və vətəndaşlarını təhlükəsizlikləri barədə xəbərdar edir".
Həmçinin politoloq bildirib ki, Pekinin narahatlığı üçün kifayət qədər ciddi əsaslar mövcuddur:
"Bildiyimiz kimi Rəsmi Tehran İranın "MAQATE" ilə əməkdaşlığının dayandırılması barədə qanun qəbul edib. İran Prezidenti həmin qanunu təsdiqləyib. Artıq İran "MAQATE" ilə heç bir əməkdaşlıq etmir və bu o deməkdir ki, nə "MAQATE"nin, nə də ABŞ daxil olmaqla digər qlobal güclərin İranın nüvə proqramına nəzarət etmək imkanları qalmayıb. Ona görə də son zamanlarda İrana qaşı təzyiqlər artmağa başlayıb. Rəsmi Tehrana müəyyən xəbərdarlıq mesajları verilməkdədir. Xüsusi ilə ABŞ və Avropa İttifaqına daxil olan dövlətlər İrana xəbərdarlıq edirlər ki, "MAQATE" ilə əməkdaşlığı bərpa etmək lazımdır".
Fatimə Heydərova