Rusiyaya sanksiya:-AB buna görə razılığa gələ bilməyib

Bölmə: Siyasət › ,
Tarix: 21:30 16.07.2025

 

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilməyiblər. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə danışıqları blok etdiyinə görə Slovakiyanı tənqid edib.O, Slovakiyanın sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə bunun kompensasiya olunmasına dair vəd tələb etdiyini vurğulayıb.

 

K.Kallas bildirib ki, Slovakiyanın tələbləri Avropa Komissiyası tərəfindən yerinə yetirilib. Lakin Slovakiyanın Baş naziri Robert Fitso bu vədləri kifayət qədər inandırıcı saymayıb.

 

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, əslində, bu addım gözlənilən olub:

 

“Çünki Avropa İttifaqı daxilində Rusiya ilə bağlı münasibətlərdə ciddi ziddiyyətlər mövcuddur. Xüsusilə Şərqi Avropa dövlətlərinin bir qismi hesab edir ki, Ukrayna savaşı Avropa İttifaqının maraqlarına ciddi şəkildə zərbə vurur. Əgər müharibə uzanarsa, Avropa İttifaqı həm iqtisadi problemlərlə üzləşəcək, həm də əlavə hərbi təhdidlər önə çıxacaq.Bu baxımdan bir sıra Avropa İttifaqı dövlətləri çalışırlar ki, yalnız öz milli maraqları çərçivəsində çıxış etsinlər. Xüsusilə Fransaya qarşı kəskin mövqe sərgiləyən dövlətlərin sayı getdikcə artır”.

 

Əli Zülfüqaroğlu qeyd edib ki, Avropa İttifaqının siyasi mərkəzi hesab olunan Fransa, eyni zamanda Almaniyada müəyyən dairələr və Britaniya çalışırlar ki, Rusiya ilə münasibətlər və Ukrayna müharibəsi uzun müddət davam etsin:

 

“Təbii ki, bununla bağlı bir sıra Avropa dövlətləri narazılıqlarını açıq şəkildə ifadə edirlər. O cümlədən Slovakiya, Macarıstan və digər Avropa İttifaqı dövlətlərini buna misal göstərmək olar.Bu baxımdan hesab edirəm ki, Slovakiyanın atdığı addımlar gözləniləndir və tamamilə normaldır. Bu, eyni zamanda Avropa İttifaqının Rusiya ilə bağlı siyasətinə ciddi təsir göstərir. Xüsusilə Ukraynaya yardım paketlərinin artırılması, ayrılması, yaxud Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqlənməsi ilə bağlı problemlər meydana çıxarır.Hesab edirəm ki, bu istiqamətdə Avropa İttifaqının vahid siyasət yürütməsi artıq ciddi problemə çevrilib”.

 

Politoloq əlavə edib ki, müxtəlif Avropa İttifaqı dövlətlərinin fərqli siyasət yürütməsi, Fransadan fərqli mövqe nümayiş etdirməsi və milli maraqlar çərçivəsində çıxış etməsi Avropa İttifaqının ümumi siyasətinin təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir:

 

“Buna görə də düşünürəm ki, Avropa İttifaqı daxilində vahid siyasi mövqe formalaşmaması, xüsusilə Fransanın siyasətinə qarşı mövqe sərgiləyən dövlətlərə qarşı radikal addımlar atılarsa, bu, İttifaq üçün əlavə problemlər yarada bilər.Hesab edirəm ki, bundan sonrakı dövrdə də Ukrayna savaşı fonunda Rusiya ilə münasibətlər və Avropa İttifaqının vahid mövqedən çıxış etməsi çox çətin olacaq”.

 

Mahmudlu Ləman