“Avropa Birliyi Rusiyaya yeni sanksiyalar tətbiq edəcək” -Natiq Cəfərli

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:17 03.07.2025

“Yaxın zamanda Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını qəbul edəcək”.

Bunu Fransanın Xarici İşlər naziri Jan-Noel Barro “Le Monde” nəşrinə müsahibəsində deyib.

“Yaxın günlərdə biz son üç ilin ən sərt sanksiyalarını qəbul edəcəyik. Onlar ABŞ ilə razılaşdırılacaq, Senatın da iyulun əvvəlində irimiqyaslı sanksiyalar paketini qəbul edəcəyi gözlənilir”, - deyə o vurğulayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyi müharibə başlayandan bəri Rusiyaya on yeddi sanksiya paketi tətbiq edib:

 

“Deyilənə görə on səkkizinci paket daha sərt olmalıdır. Amma on yeddi paket zamanı Rusiya iqtisadiyyatında ciddi bir dalğalanmalara səbəb olmayıbsa, bunun günahkarı Aİ ölkələrinin üzərindədir. Digər ölkələr vasitəsilə bu sanksiyalardan yan keçməyə Rusiyaya imkanlar və fürsətlər yaradır. Çünki biznes, pul, pul qazanma imkanları və fürsətləri var. Məsələn, Fransa keçən il Rusiyadan ən çox qaz alan Avropa Birliyi ölkəsi olub. Rusiyanın əsas “can damarı ” neft-qaz sektorudur. Neft-qaz sektoruna sanksiyaları tətbiq etmək asan deyil. Avropa Birliyində elə ölkələr var ki, Slovakiya, Macarıstan kimi ölkələr Rusiya enerji daşıyıcılarından həddindən artıq çox asılılıqları var. Onları əvəz etmədən tamamilə qadağan etmək mümkün deyil”.

 

Ekspert qeyd edib ki, on səkkizinci sanksiyada əsas məsələ bir neçə ilə neft-qazı Avropanın almasını tamamilə qadağan etməkdir:

 

“Bu təbii ki, nə qədər çox sanksiya olacaqsa, Rusiya iqtisadiyyatında bir o qədər çox dalğalanmalar olacaq. Aydın məsələdir və sanksiyaların Rusiya iqtisadiyyatına maneçiliklərini görürük. Dağıdıcı zərbələrin vurulmasının zamana ehtiyacı var. Bir müddətdən sonra daha çox təsir göstərəcək. Perspektiv nöqteyi-nəzərindən Rusiya iqtisadiyyatında normallaşma sürəcinə keçmək ancaq o halda mümkün olar: sülh danışıqları yekunlaşsın, atəşkəs elan olunsun, müəyyən razılaşmalar olsun. Sanksiyaların addım-addım aradan qaldırılması prosesinə start verilsin. Buna görə bəlkə də sonra Rusiya iqtisadiyyatında normallaşma sürəci olar. Rusiya iqtisadiyyatının özünün anatomiyası kifayət qədər problemlidir. İndiki Rusiya iqtisadiyyatının əsas, aparıcı qüvvəsi hərbi sənaye kompleksidir. Atəşkəs elan olunsa, müharibə dayansa və hərbi sənaye kompleksinin sifarişləri azalsa, oradakı işsizliyi necə həll edəcəklər? Bu tipli məsələlər də var”.

 

Nuray Əliyeva