“O televiziyalara qarşı ciddi addımlar atacağıq” - Nuşirəvan Məhərrəmli

Bölmə: MEDİA › ,
Tarix: 13:16 23.07.2016

“Bu ilin sonunadək rəqəmsal yayımla bağlı aparılan işlər başa çatdırılacaq”. 

İnformator.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

N.Məhərrəmli deyib ki, rəqəmsal yayımla bağlı məsələ bir çox ölkələrdə həllini tapıb və Azərbaycanda da bununla bağlı hər hansı problem yoxdur: “Biz artıq rəqəmsal yayıma keçmişik. Sadəcə olaraq burada analoq yayımın dayandırılmasından söhbət gedir. Bizim üçün burada problem yoxdur. Ancaq istəyirik ki, imkanları zəif olan əhali bundan yararlansın. Ona görə də analoq yayımı hələ dayandırmırıq və bilərəkdən yubandırırıq ki, əhali bundan yararlana bilsin”.

N.Məhərrəmli qanunsuz fəaliyyət göstərən bir sıra kabel televiziya kanalları ilə bağlı da danışıb: “Bu cür kabel televiziyalarının sayı çoxdur. Çox təəssüf ki, onların bir çoxu yerləşdikləri binalar üzərində xüsusi texniki qurğular quraşdıraraq qanunsuz kabel yayımı ilə məşğul olurlar. Bütün bunların hamısı qanunsuz fəaliyyətdir. Biz bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Bakı şəhər İcra Hakimiyyətinə və digər müvafiq qurumlara bir neçə dəfə müraciət etmişik. Təbii ki, bütün bu problemlər tədricən aradan qaldırılır. Amma çox təəssüf ki, bu cür halların sayı həddindən artıq çoxdur. Müvafiq qurumlara müraciət etmişik. Ancaq bilirsiniz, bu cür fəaliyyətlər bəzən o qədər gizli formada həyata keçirilir ki, onlar aşkar etmək çətin olur. Yəni, hər bir binanı gəzərək, bununla bağlı yoxlama aparmaq və ya vətəndaşlardan soruşmaq da olmur. Bu məsələ bir az çətin olsa da, tədricən öz həllini tapacaq. Çünki artıq insanlar da öz fəaliyyətlərini qanunu şəkildə həyata keçirməyi başa düşürlər. Biz Şura olaraq bu sahədə müəyyən irəliləyişlərə nail olmuşuq. Artıq insanlar kimin qanunu yayım hüququ varsa, onlarla əməkdaşlıq edilir. Bütün bunlar isə həm ölkəmiz, həm sahibkarlar, həm də insanlarımız üçün daha faydalı olur”.

Azərbaycanda internet televiziya kanallarının yayımı ilə bağlı məsələyə də toxunan N.Məhərrəmli qeyd edib ki, Milli Televiziya və Radio Şurası bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib: “Yəni, televiziya yayımı istər kabel, istər internet, istərsə də peyklə olsun, bu, bir yayımdır və eyni fəaliyyət sahəsidir. Hər bir fəaliyyət sahəsində buna aid lisenziya tələb olunursa, o zaman internet yayımında da bu, tələb olunmalıdır. Sadəcə bu məsələ ilə bağlı dünyada vahid mövqe ortaya qoyulmayıb. Ancaq inanıram ki, bununla bağlı məsələ də gec-tez öz həllini tapacaq. Yəni, dünya ölkələri internet yayımı ilə bağlı ən məqbul variant qəbul edəcəklər və biz də həmin varianta uyğun addımlar atacağıq. Lakin indi Azərbaycanda internet televiziyalarının auditoriyası elə də böyük deyil. Onlar həvəskar qismində çıxış edirlər. Bu gün internet televiziyaları milli və yerüstü yayımçılarla rəqabətə girə bilməzlər. Hazırda Azərbaycanda televiziya və radio yayımları o qədər güclüdür ki, internet televiziya kanalları bunlarla rəqabət aparacaq səviyyədə deyillər. Gələcəkdə isə bu məsələyə baxıla bilər”.