Telekanalların xəbər problemi

Bölmə: MEDİA › ,
Tarix: 16:27 16.09.2016

Vəfa Zahidqızı

Kütləvi kommunikasiya vasitələri rəqəmsal sistemlərin, multimedia proqramlarının və digər yeni texnologiyaların tətbiqi zamanla inkişaf edir. Yeni dünya jurnalistikasında konvergensiya deyilən önəmli bir konsepsiya həyata keçirilir və mediada tətbiq olunur. Yaşadığımız informasiya cəmiyyətində peşəkar jurnalistlərlə yanaşı, digər peşə sahibləri də sinergetik fəaliyyətlə məşğul olurlar, yəni bütün insanlar informasiyanın həm istehsalçısına, həm də istehlakçısına çevrilirlər. Ancaq tərəqqinin səviyyəsindən asılı olmayaraq, kütləvi kommunikasiyanın əsas funksiyaları bilgiləndirmək, maarifləndirmək və əyləndirmək olaraq qalır. Görəsən, bu funksiyaları bizim milli kommunikasiya vasitələri necə daşıyır?

Mətbuat orqanları janrından asılı olmayaraq müəyyən mənada onlayn versiyaları da daxil olmaqla, auditoriyalarının tələbatını ödəyə bilirlər, desək, yanılmarıq. Müasir mətbuatımızda kifayət qədər dəyərli qələm sahibləri var. Bəs barmaqla sayılacaq qədər televiziya kanallarında vəziyyət necədir?..
Qeyd etdiyimiz kimi, uzun tarixi və zəngin ənənəsi olan məlum kütləvi informasiya vasitələri ilə yanaşı, bu gün onlayn media, sosial media və digər internet resurları da informasiya mənbəyi rolunu oynayır. Ancaq fikrimizcə, televiziya internet mediası ilə kəskin rəqabətdə hələ də daha geniş auditoriyası olan kütləvi informasiya vasitəsi kimi öndə gedir. Düzdür, gündəlik xəbərin ən operativ və çatımlı mənbəyi onlayn media olsa da, tədqiqat və əyləncə formatlarının üstün olduğu məkan məhz televiziyalardır. Televiziyanın KİV sistemində özünəmxsus yeri var və bu yeri o, hələ uzun müddət qoruyub saxlayacağı şübhəsizdir. Həmçinin nəzərə almaq lazımdır ki, televiziya auditoriyası əsasən əhalinin çox hissəsini təşkil edən yaşlı nəsil, evdar qadın və uşaqlardan ibarətdir. Odur ki, televiziyanın şüura, dünyagörüşə təsir gücünü, ictimai rəyin formalaşmasında rolunu yüksək qiymətləndirmək lazımdır.

Müasir dövrdə hansısa ailəni televizorsuz təsəvvür etmək mümkün deyil. Araşdırıcıların hesablamalarına görə, bir insan il ərzində 1642 saat televiziya qarşısında keçirir. Bu da insanın aktiv həyat tərzinin 15 ilinə bərabərdir. “Vaxt qızıldır”, “Ömür qısadır” və “Zamanı daha vacib məsələlərə həsr etmək lazımdır” deyimləri baxımından bu həqiqətən də olduqca çoxdur. Amerikalı neyropsixonevroloq Krudman təsdiq edir ki, televiziya qarşısında oturan adamın beyninin sağ yarımkürəsi ikiqat, intensiv işləyir, nəinki sol yarımkürəsi. Bu dəyişkənlik beyinə endorfin (struktur baxımından opiuma yaxın olan) harmonunun ötürülməsinə yol açır və bu da fiziki asılılıq yaradır.

Son onilliklərdə televiziya ekranlarına yol açan cəlbedici reklamları, fiziki təcavüz və intim kadrlarla zəngin olan proqramları, filmləri nəzərə alsaq, bir ömürün 15 ilini televiziya qarşısında keçirtməyə dəyərmi?... Əlbəttə yox. Ancaq artıq gündəlik hadisələrdən kənarda qalmaq istəməyən seyrçiləri xəbərləri səs, danışıq, görüntü ilə göz önünə gətirə bilən, onları gündəlik qayğılardan azca da olsa, uzaqlaşdıran bu texniki vasitəsiz - televiziyasız da qoymaq mümkün deyil. Yeganə çıxış yolu televiziya proqramlarını savadlı, peşəkar, səviyyəli və məzmunlu hazırlamaqdır.

Hələ jurnalistika fakültəsində oxuyarkən, müəllimlərimdən birinə belə bir sual vermişdim ki, nəyə görə özəl televiziya kanalları ilə bayağı, müəllifləri bəlli olmayan mahnılar səsləndirirlər, axı bu mahnılar insanların zövqünü pis yöndə formalaşdırır? Müəllim cavab vermişdi ki, indi bazar iqtisadiyyatıdır və hər bir telekanal sifariş olunan mahnını, istədiyi reklamı verə bilər. Bəli, artıq bütün sahələri əhatə edən bazar münasibətləri həm müsbət, həm də mənfi mənada effektiv təbliğat vasitəsi olan televiziyaya da təsir edir. Bu baxımdan, peşəkar jurnalistlər, media rəhbərləri “qızıl orta”nı tapmalıdırlar.

Bilgiləndirmək funksiyasından çıxış edərək, demək gərəkdir ki, xəbər, informasiya televiziya yaradıcılığının çox vacib obyektidir. Hər bir televiziya kanalının siması məhz onun özəl yaradıcılıq qabiliyyəti və operativlik tələb edən “Xəbər proqramı”dır. Gəlin görək, bu gün hansı telekanal bizim gündəlik xəbər tələbatımızı ödəyə bilir. Zənnimcə, heç bir milli və kommersiya kanalı bu missiyanı mükəmməl yerinə yetirə bilmir. Hər gün dünyanın müxtəlif regionlarında çox əhəmiyyətli və fövqəladə hadisələr baş verir, yeni layihələr həyata keçirilir. Münaqişə və müharibə bölgələrində onlarla, yüzlərlə ölüm faktları qeydə alınır. Bəs hansı milli və özəl telekanalımız sözügedən ərazilərdən, dünya ölkələrindən, qaynar nöqtələrdən canlı bağlantılar qurur, operativ xəbərlər çatdırır? Hətta qədəmlərini yeni atan xəbər kanalı kimi efir hüququ alan “TTV” belə bunu etməkdə çətinlik çəkir. Ən müasir texniki vasitələrlə təmin olunan, peşəkar qələm əhli ilə çalışan, bir çox illər öncədən Avropa ölkələrində müxbir postaları olan Azərbaycan Milli Televiziyası isə gecikmiş xəbərləri emosional çalarlarla bəzəyərək seyrçilərə təqdim edir.

Yeni yarandığı vaxtlarda savadlı və professional personalla xəbər proqramları hazırlayan “Lider” kanalı bu gün bəzi telekanallarla rəqabətdə geridə qalır. Tamaşaçı auditoriyası daha geniş olan, müxtəlif yeni layihələrə imza atan “Azad Azərbaycan Televiziyası”nın Xəbər proqramı da xüsusi “drive” xarakteri daşımır. İşlədiyi prinsip və metodları bəlli olmayan, bayağı şou programlarla tamaşaçıların görüşünə gələn “Space” kanalı isə xəbər reytinqlərində daha çox uduzur. Həmçinin bizim teleməkanla hər gün izlədiyimiz maddi gəlirləri və auditoriyası milyonlarla ölçülən anbaan canlı (live) xəbərlər yayan EuroNews, CNN, BBC ilə müqayisə etmək də düzgün olmazdı. Ancaq təəssüf ki, jurnalistika təhsilim və şəxsi müşahidələrimlə bunları söyləməyə məcburam. Milli və kommersiya televiziya kanallarında kifayət qədər savadlı və peşəsini, işini sevən gənc kadrlar çalışır. Eyni zamanda telekanallarımız müəyyən qədər müasir multimedia aparatları ilə təchiz olunur, ancaq nəticə göz qabağındadır. Belə olan halda mənim kimi digər tamaşaçılar da alternativ media vasitələrinə və digər ölkələrin xəbər kanallarına üz tuturlar.
Bizim televiziya kanalları maarifləndirmək funksiyasını müəyyən qədər yerinə yetirirlər. Azərbaycan Milli Televiziyası və İctimai televiziya kanalı müxtəlif yaş qrupları üçün nəzərdə tutulan intellektual verilişlər, tok-şoular hazırlayırlar. Ancaq onların bəziləri müasir tələblərə cavab vermir. Xalqımız üçün önəmli olan ciddi tarixi olayları, dünyada baş verən maraqlı hadisələri araşdıran təhqiqat proqramları sahəsində elə ciddi də boşluq görünməkdədir.

Televiziya mütəxəssisi Küçükerdoğan Bülent söyləyir ki, cəmiyyətin bütün təbəqələrini nəzərə alaraq mədəniyyətin hər növünü işıqlandıran televiziya bununla da böyük tamaşaçı auditoriyasına malik olur. Bəs elə isə ən güclü təbliğat vasitəsi olan televiziya kanallarımız əyləndirmək funksiyasını necə yerinə yetirir?

Hazırda bəzi qurumlar seqmentləşməni nəzərə almadan reytinqlər həyata keçirirlər. Və bir çox kanallarda ziyalı təbəqənin zövqünü oxşamayan bayağı musiqi, çal-çağır verilişlərinin reytinqinin yüksək olduğu üçün artdiğını müşahidə edirik. Müxtəlif klinikaların həkimləri ilə müsahibələrə, maraqsız tibbi tok-şoular, yemək-içmək və söhbət xarakterli verilişlər, toy müğənilərinin tanıtımı ilə məşğul olan musiqili buraxılışlar hələ də efirləri zəbt etməkdədir. Bütün bunlara gərək varmı?

Bu tip proqramların formatını dəyişmək və milli adət-ənənələrimizin, yeni tendensiyaların çulğalaşdığı, müasir standartlara, ümummilli maraqlara uyğun, bütün təbəqələr üçün nəzərdə tutulmuş bədii-əyləncəli verilişlərə, uşaq proqramlarına, insanları maarifləndirəcək fərqli mızmunlu tədqiqat verilişlərinə, sənədli filmlərə həqiqətən də ehtiyac duyulur.

Bəli, söz çox güclü silahdır. Zamanında və yerində deyilən hər hansı fikir insanın həyata baxışını, düşüncə tərzini dəyişə bilir. Televiziyanın təsir effekti isə bu mənada daha güclüdür. İnsanlar ona inanır, sevir və etibar edir. Odur ki, televiziya kanalları bu silahı insanlara qarşı çevirməməli, ondan gələcək üçün, tərəqqi üçün səmərəli istifadə etməlidir. Ümid edək ki, seyrçiləri narazı salan məqamlar tezliklə aradan qalxacaq. Telekanallarımızda onların zövqünü oxşaya və tələbatlarını ödəyə biləcək sanballı proqramlar, yeni layihələr görünəcək. Ümid edək...

Vəfa Zahidqızı