“Sabah” – “Sele” qarşılaşması ərəfəsində-Yeni baş məşqçi, yeni ümidlər

Bölmə: İdman › ,
Tarix: 14:03 09.07.2025

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah” klubu Sloveniyanın “Sele” komandası ilə qarşılaşacaq. Matç öncəsi maraq doğuran əsas məqamlar arasında “Sabah”ın yeni baş məşqçisi və heyətdəki dəyişikliklər yer alır. Kubok qalibi olan komandanın bu mövsüm Avropa səhnəsində necə çıxış edəcəyi futbol ictimaiyyəti tərəfindən maraqla izlənir.


Mövzu ilə bağlı “İnformator.az”a danışan idman şərhçisi Ceyhun Rzayev bildirib:


“Sabah”da baş məşqçi dəyişikliyi olub. Üç yeni transfer var. Təmsilçimizin oyununu maraqla gözləyirik. “Selye” ötən mövsüm güclüydü. Mövsümün sonunda komandanı bir neçə aparıcı futbolçu tərk etdi. Sloveniyalılara hazırlıq dönəmində yalnız bir yoxlama matçı keçiriblər. Bu fakt “Sabah” üçün üstünlük sayıla bilər. Yəni rəqibin yeni transferləri komandaya tam uyğunlaşmayacaqlar.


Valdas Dambrauskasın çalışdırdığı komandaların oyunlarını əvvəllər izləməmişəm. Dediyinə görə hücum futbolu oynadır. Sabahkı matçı səbirsizliklə gözləyirəm. Litvalı məşqçinin üslubunu görəcəyik.


Sabah “Selye”ni keçərsə, Konfrans Liqasının əsas mərhələsinə düşə bilər. Buna inanıram”.


Solmaz Muradova