Əbu-Dabi görüşü-Sülh sənədinin hüquqi əsasları və Zəngəzur dəhlizinin taleyi

Tarix: 21:11 10.07.2025
Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesi çərçivəsində, 10 iyul 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib. Görüşdə əsas müzakirə mövzularından biri Zəngəzur dəhlizi və bölgədə sabitliyin təmin olunmasıdır. Zəngəzur dəhlizinə nəzarət məsələsi ABŞ-nin diqqət mərkəzindədir.
Əbu-Dabidəki görüşdə sülh sənədinin hüquqi əsasları və Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşmalar bölgədə sabitliyə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh mətni artıq bəllidir. Yəni razılaşdırılmış konkret müddəalar var və bu müddəalar əsasında yekun müqavilənin imzalanması hələlik müzakirə predmeti deyil:
"Ancaq Əbu-Dabidə müzakirə olunan əsas məsələ, sülh sənədində qeyd olunan mətnin – razılaşdırılmış müddəaların – paraflanması olub. Yəni razılaşdırılmış məqamların təsdiqi hələ yekun sülh müqaviləsinin imzalanması demək deyil. Ancaq paraflanma ən azından sülhə olan niyyətləri bir daha təsdiqləyir və perspektivdə yekun sülh sənədinə yönəlik birgə fəaliyyəti konkret işçi qruplar səviyyəsində stimullaşdırır.
Ayrıca, konkret sülh sənədinin paraflanması həm də sülh prosesində geriyə dönməzlik yaradır. Yəni sülh niyyəti ortaya qoyulduqdan sonra artıq bölgədə müharibənin bitməsi siyasi baxımdan bəyan edilmiş sayılır. Bundan sonra intensiv işlər başlayır ki, razılaşdırılmayan – daha doğrusu, prinsipial olaraq razılaşdırılmış 13 müddəanın – detalları üzərində iş aparılsın. Yəni bu prinsiplərin “içi doldurulur”. Bu baxımdan, belə bir sənədin paraflanması müzakirə edilib və düşünürəm ki, ciddi bir problem yoxdur.
Burada əsas məsələ Azərbaycanın irəli sürdüyü şərtdir – Ermənistan Konstitusiyasında yer alan ərazi iddiasının aradan qaldırılması. Bu şərt yerinə yetiriləcəyi təqdirdə Azərbaycan, imzalanacaq sülh sənədi üçün hüquqi təminat almış olacaq. Yəni bu, konstitusiya səviyyəsində hüquqi təminatlı bir sənəd olacaq. Azərbaycanın bu iddiası əbəs deyil, çünki hələ də Ermənistanda qeyri-müəyyənlik mövcuddur. Ermənistan–Azərbaycan münaqişəsindən kənarda qalan qüvvələr var ki, onlar revanşist çevrələrin vasitəsilə Nikol Paşinyan hökumətini devirmək istəyirlər. Son hakimiyyət çevrilişi ilə bağlı ifşa olunan hadisə də bunu açıq şəkildə göstərdi. Bu səbəbdən, bu gün təhlükələr mövcud olduğu üçün Azərbaycanın konkret hüquqi təminat istəyi tamamilə əsaslıdır.
O ki qaldı sülh sənədinin digər hüquqi mexanizmlərinə – hələlik paraflanmış sənəd konkret hüquqi mexanizmlərlə bərkitməyib. Burada yalnız razılaşdırılan məqamların təsdiqindən söhbət gedir. Perspektivdə Azərbaycanın konstitusiya şərti qəbul olunarsa və həyata keçirilərsə, bu zaman sənəd hüquqi təminat qazanacaq".
Ekspert bildirib ki, Zəngəzur dəhlizinə nəzarət məsələsi Ermənistan üçün olduqca həssasdır. “Nəzarət” anlayışı Ermənistanda siyasi dairələr və hakimiyyət üçün qıcıq doğurur:
"Çünki Ermənistan ərazisində nəzarətin hər hansı üçüncü qüvvəyə verilməsi terminologiyası belə qəbul edilmir – bu dərhal müxalifət tərəfindən hökumətə qarşı ittiham kimi istifadə olunur. Bu səbəbdən, Ermənistan hər vəchlə nəzarəti öz dövlət qurumlarının əlində saxlamağa çalışır.
Biz bu keçidi “dəhliz” adlandırırıq, lakin Ermənistanda “dəhliz” sözü də qıcıq doğurduğuna görə “yol” anlayışına üstünlük verilir. Azərbaycan üçün isə əsas olan 2020-ci il 10 noyabr sənədidir. Bu sənəddə açıq şəkildə Ana Azərbaycanla Naxçıvan arasında maneəsiz keçid nəzərdə tutulur. Sənəddə nəzarət mexanizmi dolayı şəkildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə olunur. Bu, 2020-ci ilin reallığı idi.
Hazırda Ermənistan bu nəzarət formasından tamamilə imtina edir və bəyan edir ki, heç bir üçüncü qüvvəyə belə nəzarət verilməyəcək. Bu kontekstdə ABŞ-nin konkret təklifi də mövcuddur. Bu təklifə əsasən, Zəngəzur dəhlizinin açılmasında ABŞ-yə məxsus xüsusi bir şirkətin iştirakı nəzərdə tutulur. Bu şirkət təhlükəsizliyi təmin edəcək və bütün funksiyaları öz üzərinə götürəcək.
Hazırda bu təhlükəsizliyin necə təmin ediləcəyi tam aydın deyil. Çünki yük daşımaları və onların təhlükəsizliyi bir məsələdirsə, gələcəkdə avtomobil və ya dəmiryolu ilə Azərbaycan sərnişinlərinin keçidi zamanı təhlükəsizliyin təmin olunması daha mürəkkəb məsələ olacaq.
Əgər perspektivdə Azərbaycan və Ermənistan ABŞ şirkətinin bu dəhlizdə iştirakını və funksionallığını qəbul edərlərsə, təhlükəsizlik məsələsi də razılaşdırılmış detallarla həll ediləcək. Amma Ermənistan öz ərazisində suverenliyini qorumaq istədiyi üçün nəzarətin dövlət səviyyəsində onlarda qalmasını tələb edir. Bu, daxili siyasi gərginliyin qarşısını almağa hesablanıb.
Əgər ABŞ şirkəti bu keçiddə təhlükəsizlik xidmətini icra etməyi öhdəsinə götürərsə və Azərbaycanla Ermənistan bu məsələdə razılığa gələrsə, ABŞ tərəfindən hərtərəfli təhlükəsizlik təminatı mümkün olacaq.
Əbu-Dabidəki görüşdən bir gün əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms Rubionun verdiyi açıqlamada “tezliklə sülh müqaviləsinin imzalanacağına ümid edirik və bunun üçün zəmin var” ifadəsi işlədilib. Bu açıqlama həm də Rusiya tərəfinə mesaj kimi qiymətləndirilə bilər – yəni bu prosesə qarışmasın və destruktiv rol oynamasın. Bu isə gələcəkdə dəhlizdə sabitliyə təminat verəcək mühüm geosiyasi amil kimi görünür".
Türkan Kərimli