Almaniya bununla müharibə yolunu seçib--Kosaçev

Bölmə: Siyasət › ,
Tarix: 21:16 10.07.2025

 

Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı diplomatik vasitələrin tükəndiyini bəyan etməsi ölkənin müharibə yolunu seçdiyini göstərir. Bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

 

“Deməli, AB-nin açar dövləti müharibə yolunu qəti şəkildə seçir. Çünki diplomatiyanın “tükəndiyi” elan olunursa, bu, müharibəyə birbaşa hazırlıqdır. “Ya dediyimizi edin, ya da sonuncuya qədər vuruşacağıq”, - deməsi diplomatiya deyil. Eynilə, Ukraynanı yenidən silahla təmin etmək üçün imzalanacaq müvəqqəti atəşkəs də diplomatiya deyil”, - K.Kosaçev qeyd edib.

 

Mövzu ilə bağlı “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az” a açıqlamasında bildirib ki, Almaniya kanslerinin Ukrayna müharibəsinin həllində diplomatik imkanların tükəndiyi ilə bağlı dedikləri, əslində, mövcud reallığı əks etdirir:

 

“Rusiya siyasi dairələrinə daxil olan şəxslərin bu fikirlərə etiraz etməsi isə absurddur. Çünki diplomatik vasitələrdən istifadə zamanı ortada konkret nəticənin olması vacibdir. Lakin bu günə qədər nə ABŞ-Rusiya xəttində, nə də digər vasitəçilik cəhdlərində nəticə əldə olunmayıb”.

 

Elçin Xalidbəyli qeyd edib ki bir tərəfdən, ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı aparılan proseslər iflasa uğrayıb:

 

“Digər tərəfdən, Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən Rusiya-Ukrayna görüşləri də ard-arda nəticəsiz qalıb. Ardınca Prezident Trampın Rusiya Prezidenti Putinlə telefon danışığı da uğursuz nəticələnib.Bütün bunlar onu göstərir ki, Ukrayna müharibəsinin siyasi-diplomatik yollarla nizamlanması istiqamətində atılan addımlar bir-birinin ardınca boşa çıxır. Bunun əsas səbəbkarı isə məhz Rusiyadır. Çünki Rusiya nə ABŞ-ni, nə Avropa İttifaqını, nə də Ukraynanı dinləməyə meyllidir. Moskva yalnız öz şərtlərini irəli sürür və qarşı tərəfin bu şərtləri qeyd-şərtsiz qəbul etməsini istəyir. Əgər bu baş vermirsə, Rusiya Ukraynaya qarşı daha intensiv raket zərbələri endirir.Bu isə o deməkdir ki, faktiki olaraq beynəlxalq siyasi-diplomatik təşəbbüsləri boşa çıxaran və iflasa uğradan tərəf Rusiyadır. Belə olan halda, Rusiya təmsilçilərinin Almaniyanı “savaş yolunu seçməkdə” günahlandırması həm məntiqsiz, həm də əsassızdır. Almaniya kansleri mövcud vəziyyəti dəyərləndirərək bildirib ki, artıq siyasi-diplomatik vasitələr tükənib və bunun səbəbi də Kremlin tutduğu mövqedir.Bu səbəbdən də Kreml təmsilçilərinin nə Almaniyanın, nə də digər Qərb dövlətlərinin bu məsələdəki mövqeyinə qarşı aqressiv və neqativ münasibət bildirməyə haqları yoxdur. Çünki savaş yolunu seçən tərəf Rusiya olub və hələ də Ukraynanı işğal etməkdə davam edir”.

 

Politoloq əlavə edib ki, əgər Rusiya doğrudan da sülh istəyirdisə, bunun çox sadə bir yolu var idi:

 

“Rusiyanın silahlı qüvvələri Ukraynanın beynəlxalq hüquqla tanınan sərhədlərindən dərhal geri çəkilməli idi. Əgər Kreml sülhə sadiqdirsə, bu addımı atmalıdır. Əgər atmırsa, deməli, digər ölkələrin Rusiyanın destruktiv fəaliyyətinə irad bildirməsi və sərt açıqlamalar verməsi tamamilə məntiqlidir.Böyük ehtimalla, Almaniya kanslerinin bu mövqeyi eyni zamanda Avropa İttifaqının da ümumi yanaşmasını əks etdirir. Çünki Avropada da belə qənaət formalaşıb ki, Rusiya sülh istəmir, əksinə, Ukraynanın işğalını davam etdirmək niyyətindədir. Hətta belə narahatlıqlar da var ki, Ukrayna işğal edildikdən sonra Rusiyanın növbəti hədəfi Avropa ölkələri ola bilər. Bu səbəbdən də Avropanın bir çox ölkəsi yaxın gələcəkdə baş verə biləcək mümkün müharibəyə ciddi şəkildə hazırlaşmağa başlayıb. Bu hazırlıqlar silah-sursat ehtiyatlarının artırılması, hərbi texnikanın yenilənməsi, ordu və müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində aparılır.


Bütün bunları nəzərə aldıqda, Almaniya kanslerinin açıqlamaları qətiyyən təəccüblü deyil. Üstəlik, kansler Ukrayna müharibəsinin dayandırılması istiqamətində siyasi-diplomatik imkanların tükəndiyini vurğulamaqla, əslində, reallığı ifadə edib. Bu reallıq isə hazırda bütün dünyanın gözü qarşısındadır: Rusiya öz işğalçı davranışı ilə sülh mühitinin formalaşmasına əngəl törədir”.

 

Mahmudlu Ləman