Tramp Epşteyn işi üzrə ifadələrin stenoqramlarının açıqlanmasını istəyib

Bölmə: Siyasət › ,
Tarix: 20:06 23.07.2025

ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondiyə müraciət edərək, amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə verilmiş ifadələrin stenoqramlarının məhkəmənin razılığı ilə açıqlanmasını istəyib. "Mən Baş Prokuror Pam Bondidən xahiş etdim ki, məhkəmənin təsdiqi ilə bütün lazımi böyük münsiflər heyəti ifadəsini təqdim etsin", - Tramp qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın cinayət xarakterli fəaliyyətdə iştirakına dair sübut yoxdur:

 

 

"Uşaqlara təcavüzdə və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinərək həbs olunduqdan sonra intihar edən maliyyəçi Cefri Epşteynlə bağlı qalmaqal artıq uzun müddətdir ki, davam edir. Trampın adının bu prossedə hallanması isə Epşteynin dostu Culian Maksvellin onun 50 illik yubileyi şərəfinə dostlarından gələn ədəbsiz mesajlardan ibarət albom hazırlaması ilə başlayıb. Media tərəfindən dərc olunan həmin albomda Donald Trampın yubiley münasibətilə Epşteynə göndərdiyi təbrik yer alıb. Həmin təbrikə Trampın çılpaq qadın rəsmi əlavə etdiyi bildirilir. Tramp isə illərdir ki, zaman-zaman ortaya çıxan bu mövzunu keçmiş prezident Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, keçmiş Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Komi, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan, həmçinin sabiq prezident Co Baydenin administrasiyasının üzvləri tərəfindən ona qarşı aparılan kampaniya olduğunu və həmin məktubun saxta olduğunu iddia edir. 

Məlumat üçün qeyd edim ki, Donald Tramp və Ceffri Epşteyn 1990-cı illərdən tanış olublar və bir sıra tədbirlərdə, şəxsi məclislərdə birlikdə iştirak ediblər. Bu münasibətlər sənədləşdirilsə də, Trampın cinayət xarakterli fəaliyyətdə iştirakına dair sübut yoxdur. 2019-cu ildə Epşteynin həbsindən sonra onların tanışlığı mətbuatda ancaq qısaca müzakirə edilib. Tramp bu iş üzrə heç bir epizodda təqsirləndirilməyib. Əksinə, seçki kampaniyası dövründə Tramp bu işi öz xeyrinə istifadə edib, sənədlərin açıqlanacağını və burada bir çox demokratın adının ola biləcəyini vəd edib. Seçkilərdən sonra Ağ ev və şəxsən Tramp baş prokuror Pem Bondiyə əldə olan bütün etibarlı materialları dərc etməyi tövsiyə edib.

Lakin iyul ayının ortalarında Ədliyyə Nazirliyi gözlənilmədən bəyan edib ki, sənədlər özündə sensasiyalı yeni faktları ehtiva etmir. Bütün materiallar məhkəmə qadağası altındadır və dərci planlaşdırılmır.

Bu isə təkcə demokratlar deyil, eləcə də Respublikaçıların arasında da müəyyən narazılıq doğurub və bir çoxları Trampın həqiqəti gizlətmək üçün Ədliyyə Nazirliyinə təzyiq göstərdiyi qənaətinə gəliblər. İndi Trampın baş prokuror Pam Bondidən Ceffri Epşteynin işi ilə bağlı münsiflər heyəti qarşısında ifadəsinin stenoqramını açıqlamasını istəməsi də müvafiq narazılıqlara son qoymaq məqsədi daşıyır. Baş prokuror da öz növbəsində məhkəməyə müvafiq sorğu göndərməyə hazır olduğunu bildirib. İndi hər şey məhkəmənin qərarından asılı olacaq. Əgər məhkəmə müvafiq stenoqramın yayılmasını məqbul hesab edəcəksə təbii ki, stenoqram açıqlanacaq".

 

Səmayə Səftərova