Rusiya–Ukrayna Danışıqları: Sülh Üçün Ümidlər və Çətinliklər

Bölmə: Siyasət › ,
Tarix: 20:57 23.07.2025

Rusiya və Ukrayna arasında keçiriləcək birbaşa danışıqların üçüncü raundu öncəsi nikbinlik azdır. Kreml müzakirələrin asan keçməyəcəyini bəyan edib. Ekspertlər isə kompromisə nail olmaq üçün güclü diplomatik iradə və beynəlxalq dəstəyin vacibliyini vurğulayırlar.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə ABŞ, Böyük Britaniya və Rusiya tərəfindən imzalanmış sazişə əsasən, Ukrayna və Qazaxıstan nüvə silahından imtina etdiklərinə görə, onların ərazi bütövlüyü və suverenliyi həmin dövlətlər tərəfindən təminat altına alınıb:

 

"Buna baxmayaraq, həmin razılaşmadan cəmi 21 il sonra, həmin sənədə imza atan ölkələrdən biri olan Rusiya bu təminatı pozdu, digər iki dövlət isə Ukraynanın ərazi bütövlüyünü müdafiə etməkdə passiv mövqe sərgilədi. Bu baxımdan, bu gün zəmanət anlayışından danışmaq artıq mənasız görünür, çünki real zəmanət çoxdan pozulub. Hazırda məsələ daha da ciddi səviyyəyə çatıb – Rusiya təkcə Ukraynanın bəzi ərazilərini işğal etməklə kifayətlənməyib, onları öz konstitusiyasına daxil edib və əlavə olaraq, nəinki nəzarətində olan bölgələrin, hətta nəzarət edə bilmədiyi ərazilərin də Rusiyaya birləşdirilməsini tələb edir. Ukrayna isə əksinə, Rusiya qoşunlarının işğal etdiyi əraziləri tərk etməsini və bu ərazilərin geri qaytarılmasını tələb edir. Hər iki tərəfin tələbləri maksimalist xarakter daşıyır və bu da danışıqları olduqca çətinləşdirir – Kremlin sözçüsü Dmitri Peskovun da qeyd etdiyi kimi, danışıqlar çox mürəkkəb olacaq. Burada söhbət sadə bir atəşkəsdən getmir. Rusiya yalnız o halda atəşkəs imzalayacağını bildirir ki, onun tələbləri qəbul edilsin – bu isə Ukrayna üçün qəbuledilməzdir. Eyni ilə Ukraynanın da şərtləri Rusiya tərəfindən qəbul olunmayacaq qədər sərtdir. Bu səbəbdən, çıxış yolu tapmaq son dərəcə çətin görünür".

 

Ekspert həmçinin bunu da bildirib ki, mümkün ssenarilərdən biri budur ki, Rusiya hələlik nəzarət edə bilmədiyi, lakin konstitusiyasına daxil etdiyi əraziləri də tanıtmağa çalışacaq, lakin hərbi nəzarət olmadan, müəyyən güzəştlərlə atəşkəsə razı ola bilər:

 

"Belə bir razılaşma yalnız "müvəqqəti dondurulmuş vəziyyət" şəklində mümkündür. Yəni Rusiya öz tələblərindən qismən geri çəkilərək atəşkəsi imzalar, tərəflər isə olduğu mövqelərdə qalaraq münaqişə faktiki olaraq dondurulmuş şəkildə davam edər. Bu isə bizə bir qədər 1994-cü ili xatırladır. Həmin il Azərbaycanla Ermənistan arasında Bişkekdə atəşkəs imzalandı. Hər iki tərəf öz mövqelərində qaldı, lakin işğal olunmuş ərazilər rəsmən tanınmadı. Beynəlxalq ictimaiyyət de-yure olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, lakin de-fakto olaraq Azərbaycanın təxminən 20%-i işğal altında qalırdı. İndi isə bənzər ssenari Ukrayna üçün tətbiq olunmağa çalışılır – yəni, dünya Ukraynanın ərazi bütövlüyünü kağız üzərində tanıyır, amma reallıqda bu ərazilər işğal altında qalır. ABŞ və Qərb ölkələri bu cür "dondurulmuş münaqişə" vəziyyətini qoruyub saxlamağa maraqlıdır. Lakin Rusiya dəfələrlə bəyan edib ki, belə vəziyyətlə razılaşmır və münaqişənin konkret, uzunmüddətli həllini tələb edir. Tərəflərin tələbləri bu qədər maksimalist olduqda, İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqların çətin keçəcəyi şəksizdir. Psixoloji üstünlük və siyasi iradə bu danışıqlarda həlledici rol oynaya bilər".

 

Gülhüseynova Güllər