“Neftin qiymət artımı həm struktur, həm də qısamüddətli amillərlə bağlıdır” -Famil Niftiyev

Tarix: 20:17 25.07.2025
Dünya bazarlarında neft qiymətləri artıb. “Brent” markalı neftin fyuçersləri 29 sent və ya 0,42% artaraq 69,47 dollar olub.
Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, neft qiymətlərində baş verən son artım qlobal enerji bazarında müxtəlif iqtisadi və geosiyasi faktorların təsiri ilə əlaqələndirilir:
“Bu dəyişiklikləri qiymətləndirərkən bir neçə əsas məqam nəzərə alınmalıdır. Hazırda “Brent” və “WTI” markalı neftin qiymətlərində cüzi, lakin diqqətəlayiq artım müşahidə olunur. Belə ki, “Brent” neftinin qiyməti 69,47 dollar, “WTI” isə 66,32 dollar səviyyəsinə çatıb. Bu artımın davamlı olub-olmaması bir neçə amildən asılıdır. Əvvəla, bu artımın struktur səbəblərlə məsələn, tələb və təklif balansındakı dəyişikliklərlə yoxsa qısamüddətli hadisələrlə hava şəraiti, geosiyasi gərginlik, texniki fasilələr və s. bağlı olduğunu müəyyənləşdirmək vacibdir. Əgər bu artım, məsələn, ABŞ-də hasilatda qısa müddətli azalma və ya Orta Şərqdə təchizat riskləri ilə əlaqədardırsa, o zaman bu qiymət artımı qısamüddətli dalğalanma hesab oluna bilər. Lakin qlobal tələbin artması, iqtisadi dirçəliş və OPEC+ kimi böyük istehsalçıların hasilatı məhdudlaşdırmağa davam etməsi fonunda bu artımın daha uzunmüddətli tendensiyaya çevrilməsi də mümkündür. Neft qiymətlərindəki artım, təbii ki, benzin, dizel və digər yanacaq məhsullarının qiymətlərinə də təsir göstərir. Bu məhsulların qiyməti birbaşa xam neftin qiymətindən asılıdır, çünki neft onların əsas xammalıdır. Neftin qiyməti artdıqca neft emalı müəssisələrinin maya dəyəri yüksəlir və bu, son məhsulun qiymətinə təsir edir. Belə hallarda daşıma, kənd təsərrüfatı və sənaye sektorlarında da xərclər artır. Bu isə daha geniş inflyasiya təzyiqlərinə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, OPEC+ ölkələrinin siyasəti də bu artımda mühüm rol oynayır:
“OPEC və onunla əməkdaşlıq edən ölkələr hasilat kvotaları vasitəsilə bazarda təklifi tənzimləyərək qiymətlərə nəzarət etməyə çalışırlar. Əgər bu ölkələr hasilatın artırılmaması barədə razılığa gəliblərsə və bazarda tələbat da yüksək qalırsa, bu zaman qiymətlərin yüksəlməsi qaçılmaz olur. Son illər ərzində OPEC+ ölkələri bazarda sabitliyi qorumaq məqsədilə koordinasiyalı şəkildə çıxış edir. Bu siyasət, xüsusilə pandemiyadan sonra enerji qiymətlərinin bərpasında əsas faktorlardan biri olub. Neftin qiymətinə təsir edən digər amillər sırasında isə ABŞ-də kommersiya neft ehtiyatlarının həcmi, Çin və Hindistan kimi iri istehlakçı ölkələrdə sənaye fəaliyyəti və tələbin dinamikası, qlobal iqtisadi artım tempinin dəyişməsi, enerji keçidi (green energy transition) və ABŞ dollarının məzənnəsi mühüm yer tutur. Məsələn, dolların məzənnəsi gücləndikcə, neft baha başa gəlir və bu, tələbə təzyiq göstərə bilər. Həmçinin, alternativ enerji mənbələrinə keçid də orta və uzunmüddətli perspektivdə neftin bazar mövqeyinə təsir edə bilər. Nəticə etibarilə, hazırkı artım həm mövcud qlobal tələbat, həm də hasilat siyasəti ilə izah oluna bilər. Lakin davamlı olub-olmayacağı yaxın aylar ərzində iqtisadi və geosiyasi tendensiyalardan asılı olacaq. Neft bazarları həm struktur, həm də spekulyativ faktorların təsirinə açıqdır. Qiymətlərin dəyişməsi təkcə enerji sektorunu deyil. Bütün dünya iqtisadiyyatını əhatə edən çoxşaxəli bir prosesin nəticəsidir”.
Nuray Əliyeva