RƏNGLƏR DÜNYASININ İLAHƏSİ – MARAL RƏHMANZADƏ

Bölmə: Mədəniyyət › ,
Tarix: 14:04 14.01.2023

O, ilk qadın rəssamımız, professional rəssamlıq təhsili görmüş ilk Azərbaycanlı qadın, qrafika ustası, milli qadın obrazının kamil yaradıcısı, Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı idi.
Maral xanım Rəhmanzadə (1916- 2008) yaxından tanımaqdan böyük şərəf və məmnuniyyət duyduğum görkəmli mədəniyyət xadimi, məşhur sənətkar idi. O, böyük rəssam olmaqla yanaşı, gözəl bir insan, kamil şəxsiyyət, maraqlı müsahib kimi də özünə qarşı rəğbət doğururdu. Maral Rəhmanzadənin keçdiyi həyat yolu zəngin və mənalı olduğu qədər də keşməkeşlərlə, çətinliklərlə, ağrılarla dolu olub; amma mübarizlik əzmi, mərdliyi, mətanəti və yenilməz qüruru bu yolda onu daim irəli aparıb. Onun xarakter cizgilərini bütövləşdirən bu keyfiyyətlər həyatına dərindən təsir göstərmişdi.
Maral xanımın həyat hekayəsini ilk dəfə dinləyəndə çox təsirlənmişdim. Bir qadın düşünün, çox gözəl, böyük istedada malik, həmişə insanların diqqət mərkəzində olan bir qadın... Gəncliyində xüsusilə çox gözəl Maral xanım 1941-ci ildə başlanan müharibədən bir qədər öncə ona aşiq olan gənclərdən biri ilə evlənir; lakin bu xoşbəxtliyin ömrü çox qısa olur. Toylarından bir həftə sonra Maral Rəhmanzadənin həyat yoldaşını müharibəyə aparırlar və o nə geri dönür, nə də ondan bir xəbər almaq mümkün olur... Maral xanım ömrünün sonuna qədər onu gözləməyə qərar verir. Bir daha evlənməyi belə fikrindən keçirmir. Sevgilisinin geri dönəcəyinə ümidini üzmür, öz tənhalığına alışır və bu tənhalığı çəkdiyi əsərlərlə bölüşür, acılarını, həsrətini sənətində yaşadır. Onun bir çox əsərində bu yaşantıları, ağır kədər və ümidin paradoksal bağlantısını bütün dərinliyinə qədər hiss etmək olur. Bu əsərlər Maral xanımın nakam taleyinin doğurduğu mübhəm hissləri, duyğuları təcalla etdirir. Vaxt keçir, vədə dolanır gənc qadının sonsuz ümidi, inamı gerçək olur: həyat yoldaşı cəbhədən qayıdır. Amma bu dəfə başqa bir səbəbdən ayrılırlar və Maral xanım ömrünün sonunadək evlənmir. Maral Rəhmanzadənin şəxsi taleyi haqqında düşünəndə qeyri-ixtiyari onunla bağlı təsirli bir frazanı xatırlayıram. Ailə qurmadan öncə, Moskvada birgə rəssamlıq təhsili aldığı Səttar Bəhlulzadə Maral xanımı sevirmiş; lakin sevdiyi gözəl qızın könlünü başqa birinə verdiyini, ailə qurmağa hazırlaşdığını öyrəndiyi üçün qəlbini ona aça bilmir. Tələbəlik illərində də, sonralar da bu iki böyük rəssam dost olurlar, amma Maral xanımın onu yalnız həmkarı, dostu kimi sevdiyini anlayan Səttar Bəhlulzadə sevgisini ömrünün sonunadək gizlədir və heç vaxt açmır. Bunu yalnız bəzi yazılarında əks etdirir.
Maral Rəhmanzadə xoşbəxt bir ailədə dünyaya göz açmışdı. Tanrı ona gözəllik, böyük istedad, şan-şöhrət versə də, bütün həyatı təlatümlər içində keçmişdi. Lakin yaşadığı kədərli taleyə, çətin günlərə baxmayaraq o, böyük ilklərə, miqyaslı işlərə imza ataraq yaradıcılıq yolunda uğurla, inamla addımlamışdı. Yüzlərlə qız üçün gözəl örnək olmuş, yeni bir cığır açmış, o cığır böyüyüb yola çevrilmişdi...
Maral Rəhmanzadə 1916-cı ildə Mərdəkanda, zərgər ailəsində dünyaya gəlmişdi. Düzəltdiyi bəzək əşyaları ilə Bakıda böyük şöhrət qazanmış bir zərgərlik ustası olan atası Yusif Rəhmanzadənin təkrarsız, zərif əl işlərini görən, bəzən naxışlar çəkməkdə ona kömək edən Maral xanım uşaqlıq illərindən rəssamlığa beləcə mehr salmış, bu sənəti sevmişdi.
Sonralar “Rənglər dünyasının ilahəsi” adlandırılacaq bu istedadlı qız 1922-ci ildə Bakıdakı Hüseyn Cavid adına 8 saylı Qız məktəbində təhsilə başlayıb. Hələ məktəbli ikən “Ana dili” kitabındakı xalq nağıllarına və “Aran köçü” hekayəsinə ilk şəkillərini çəkmişdi. Həmin şəkillərin, eləcə də çəkdiyi çeşidli zərgərlik naxışlarının ötəri bir həvəs olmadığını ilk anlayan, onu böyük gələcəyə aparan bu istedadı ilk hiss edən isə atası olmuşdu.
1928-ci ilin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş məktəb yığıncağında öz rəfiqələri ilə birgə çadrasını atması onun həyatında böyük dəyişikliklərə səbəb olmuşdu. Maral xanım təhsilli qadınlarımız cərgəsində ön sıralarda yer almış, azad Azərbaycan qadınının cəmiyyətdəki rolunu öz həyat və yaradıcılıq yolu ilə təsdiqləmişdi. Rəssamlığa olan böyük sevgisi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə) gətirib çıxartmışdı. 1930-1933-cü illərdə bu təhsil ocağında oxuyan gənc rəssam qız, təhsilini bitirdikdən sonra professional rəssamlığın sirlərinə daha dərindən yiyələnmək üçün o zamankı İttifaqın paytaxtı Moskva şəhərinə yola düşmüşdü. 1934-1940-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (indiki V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutu) oxuyan Maral Rəhmanzadə 1939-1940-cı illərdə burada Nikolay Radlov və Mixail Radionovun rəhbərliyi ilə illüstrasiyadan, İqor Qrabarın və Konstantin İstominin rəhbərliyi altında rəngkarlıqdan, Dmitri Moorun başçılığı ilə plakatdan dərs alıb. 1940-cı ildə Moskvada təhsilini başa vuran rəssam burada o dövrün nüfuzlu “Xudojestvennaya literatura” (“Bədii ədəbiyyat”) nəşriyyatında işə başlasa da, 1941-ci ildə atasının “Xalq düşməni” elan edilməsi və 6 ay sonra həbsxanada vəfatı hadisəsindən xəbər tutanda həyat yolunu dəyişməli olur... 1941-ci ildə Bakıya qayıdan gənc rəssamın Maral Rəhmanzadə imzası ilə tanınması da elə həmin vaxtdan başlayır.
O, 1946-cı ildən müxtəlif janrlı sərgilərin iştirakçısına çevrilir. Rəssamın yaradıcılğının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsiləsindən olan “Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində” və başqa əsərlərində qoçaq, ağıllı, gözəl, mərd Azərbaycan qadınlarının həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapıb. Azərbaycan qadınları onun əsərlərində çinar qamətli, məğrur, azad, əzəmətli qadınlar kimi təsvir olunub. Təsadüfi deyil ki, onun bu rəsmləri dövrün ünlü “Azərbaycan qadını” jurnalında müntəzəm olaraq dərc edilirdi.
Həmin illərdə rəssamın yaradıclıq ulduzu daha gur parlasa da, şəxsi həyatı böyük ağrıların içindən keçməkdə idi. Bu ağrılar ilk öncə onun doğulub boya-başa çatdığı ailə ilə bağlıydı. Maral xanım vəfatı xəbərini eşitdiyi gündən bəri yoxluğunu qəbul etmədiyi atası haqqında düçüncələrini belə dilə gətirirdi: “Deyirlər qız övladları anaya daha bağlı olurlar. Amma yox, mən atamı çox sevirdim. İndi də siması gözlərimin önündədir. Baxmayaraq ki, repressiyanın qurbanı olub, aradan 60 ildən artıq vaxt keçib, hərdən mənə elə gəlir ki, lap yanındayam”...
Atasının repressiya qurbanı olması, yenicə evləndiyi həyat yoldaşının bir həftə sonra müharibəyə aparılması və geri dönməməsi... – bütün bu ağrılar, dözülməz çətinliklər qarşısında Maral xanım əzəməti, iradəsi, gücü ilə ayaqda qalaraq bir-birindən dəyərli sənət əsərləri yaradırdı. Sənətkarlıq əzmi, yaşayıb-yaratmaq eşqi, mübarizliyi ilə yüzlərlə Azərbaycan qadınına örnək olur, öz yaradıcılığında da Azərbaycan qadınının mükəmməl portretini yaradırdı.
Çağdaşları hələ 24 yaşında ikən onu “dahi” adlandırırdı. Öz intellekti, istedadı, kübarlığı ilə hamını heyran qoyan Maral Rəhmanzadə əsərləri ilə isbat etmişdi ki, fırçanı əlinə təsadüfən götürməyib. Çünki Maral Rəhmanzadə Bəhruz Kəngərli, Əzim Əzimzadə kimi köklü-köməcli sənət şəcərəsindən idi. Böyük sənətkarımız haqqında böyük gerçəkləri danışan, bir həyat həqiqətini bütün çalarları ilə canlandıran isə onun ömür kitabı sayılan, bir-birindən rəngarəng, dərin məzmunlu əsərləridir.
Maral Rəhmanzadə sənəti çoxşaxəli, çoxcəhətli bir yaradıcılıq kimi diqqəti çəkir. O, rəssamlıq sənətinin demək olar, mümkün olan bütün qollarında, önəmli sahələrində ölməz əsərlər yaradıb. Böyük rəssamın Vətən qarşısında xidmətləri, Azərbaycan incəsənətini, mədəniyyətini zənginləşdirən sənətkarlıq uğurları dövlət səviyyəsində layiqli qiymətini alıb. Maral Rəhmanzadə 1964-cü ildə Azərbaycanın Xalq rəssamı adına layiq görülüb. Milli təsviri sənətin inkişafındakı böyük başarılarına görə keçmiş SSRİ-nin nüfuzlu ordenləri “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı” ilə, həmçinin bir sıra medallarla, eləcə də milli müstəqillik illərində, 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.
Maral xanım uca sənəti, ləyaqətli şəxsiyyəti ilə böyük bir xalq sevgisi qazanmışdı. Çox yaxşı xatırlayıram, 16 mart 2008-ci ildə, Novruz bayramı ərəfəsində Maral Rəhmanzadənin vəfatı xəbərini eşidəndə hamımız çox dərindən üzüldük. Rəsmi nekroloqda, bir çox mətbuat orqanının dərc etdiyi məqalələrdə xalqımızın dərin kədəri ifadə edilirdi. Böyük rəssamımız doğulub-böyüdüyü Mərdəkanda torpağa tağşırılmışdı. Təbii ki, bu itki bütün mədəniyyət aləmimiz üçün böyük itki idi. Azərbaycan böyük bir rəssamını, möhtəşəm aydınını, kübar bir qadını, əzəmətli şəxsiyyəti itirmişdi.
Çünki Maral Rəhmanzadə çağdaş milli rəngkarlıq məktəbinin inkişafında uzunmüddətli və yüksək xidməti olan sənətkarlarımızdan idi. O, təsviri sənətimizin zəngin gələnəyini davam etdirərək yetmiş ildən artıq bir dönəm içində səmərəli fəaliyyət göstərmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaratmışdı. Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr verən mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyətimizin tarixinə boyakarlığın qiymətli örnəkləri kimi daxil olmuşdur.
Maral xanım Azərbaycanı böyük bir sevgiylə sevən, əsərlərində onun hər qarışını – bölgəsini, kəndini, kiçik bir guşəsini belə sonsuz məhəbbətlə tərənnüm edən sənətkar idi. O, tez-tez bölgələrdə yaradıcılıq ezamiyyətlərində olurdu. Biz Azərbaycanın müxtəlif bölgələrinə gedəndə Maral Rəhmanzadənin o yerlərə səfərləri ilə bağlı xoş xatirələri eşidirik. Rəssamın vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən, Naxçıvan, Lənkəran, Şamaxı və Qubanın qədim tarixi abidələrini, əsrarəngiz təbiət mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilir. Onun “Xınalıq”, “Xınalıqda toy mərasimi”, “Dağların başında”, “Dağ kəndi. Xınalıq. Atlılar”, “Xonça aparırlar” adlı rəsmləri bu gün də izləyicilərin böyük maraqla seyr edib zövq aldığı əsərlərdəndir.
Maral Rəhmanzadənin neçə-neçə nəsillərin incəsənət zövqünü formalaşdıran qiymətli əsərləri bu gün də öz çağdaşlığını və aktuallığını qoruyub saxlayır. Onun yaradıcılığında əmək və məişət mövzuları özəlliklə üstünlük təşkil edir. Azərbaycan kəndinin gerçək həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravür silsilələrinin də aparıcı mövzusudur. 1965-1975-ci illərdə çəkdiyi “Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və b. əsərləri sözün əsil anlamında böyük sənət əsərləridir. Azərbaycan qadınına xas olan ülvi bir gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral xanımın yaradıcılığında başlıca özəlliklərdən biri kimi diqqət mərkəzində dayanır. Çünki o, özü də məhz belə bir Azərbaycan qadını kimi simvol olmuşdu.
Maral Rəhmanzadə bir çox ölkələrə yaradıcılıq səyahətləri etmişdi. Sənətkar dünyagörüşünü daha da zənginləşdirən bu səfərlər onun yaradıcılığında silinməz izlər qoyur, yeni-yeni əsərlərinin ərsəyə gəlməsinə ilham verirdi. O, səfərdə olduğu ölkələrin həyatından silsilə qravürlər yaratmışdı ki, 1959-1960-cı illərdə çəkdiyi “Çexoslovakiyada” silsiləsi bunun bariz örnəyidir.
Maral xanımın kitab qrafikası sahəsində də geniş və böyük fəaliyyəti hər zaman minnətdarlıqla yad edilir. O, bir çox əsərlərə gözəl illüstrasiyalar çəkmişdir. Klassiklərimizdən Nizami Gəncəvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibat və çoxsaylı illüstrasiyaları oxucuya həmin əsərlərin məzmun və qayəsinin obrazlı çatdırılmasında önəmli vasitə olub. M.F.Axundzadənin “Aldanmış kəvakib”, M.S.Ordubadinin “Qılınc və qələm”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaları da bu janrın qiymətli örnəklərindəndir. 1945-ci ildə tərtibat verdiyi Şah İsmayıl Xətainin “Dəhnamə” kitabındakı illüstrativ materiallar Maral Rəhmanzadənin həm rəssamlıq, həm də ədəbiyyat tarixindəki əvəzsiz xidmətlərindəndir. Böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığını ifadə edən “Qız qalası”, “Gülzar” rəsmləri də rəssamın ədəbiyyata böyük sevgi və diqqətinin göstəricisidir. Heyran xanımın lirik qəzəllərinə, Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyalar isə möhtəşəm sənətkarlıq örnəkləri olmaqla yanaşı, Azərbaycan mədəniyyət tarixini özündə əks etdirən ən gözəl əsərlər kimi diqqətəlayiqdir. Maral xanımın bu illüstrasiyaları ilə dəyərini daha da artıran həmin kitablar şəxsi kitabxanamda qiymətli əsərlər kimi önəmli yer tutur. Bu kitabların gələcəkdə də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına şübhə yoxdur.
Rəssamın sərgiləri ölkəmizin müxtəlif şəhərlərində təşkil edilərək sənətsevərləri Maral Rəhmanzadə sənətinin işığına toplayıb. Maral xanım Azərbaycanın hüdudlarından qıraqda da böyük rəğbətlə qarşılanan rəssamlardan olub. Onun əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində nümayiş etdirilib, dəfələrlə keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində, o cümlədən Şri-Lankada, Kubada, İranda keçirilən fərdi sərgiləri Azərbaycan mədəniyyətini dünya ictimaiyyətinə yüksək səviyyədə təqdim edib. Maral xanımın əsərləri bu gün də Moskvada – Rusiyanın ən böyük muzeylərindən biri – incəsənət simvolu sayılan Tretyakov Qalereyasında, Amerika Birləşmiş Ştatlarında, İngiltərədə bir sıra şəxsi kolleksiyalarda saxlanılır. Ölkəmizdə isə Maral xanımın əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə sərgilənir. Gənc nəslin bu müzeylərə baş çəkərək Maral xanımın möhtəşəm yaradıcılığı ilə daha yaxından tanış olması vacibdir. Çünki bu yaradıcılıq sənətin estetik dəyərlərini nümayiş etdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlib.
Böyük bir sənət yolu keçən, dəyərli yaradıcılıq irsi qoyub gedən Maral Rəhmanzadə sadəcə rəssam kimi deyil, şərəfli bir ziyalı, ləyaqətli qadın kimi kübarlığı, biliyi, davranışı, mədəniyyəti ilə möhtəşəm bir Azərbaycan qadını obrazı idi. Onu yaxından tanımaqdan, söhbət etməkdən çox böyük məmnuniyyət duyardım. Həmin söhbətlər Maral xanımın işıqlı xatirəsi kimi mənə çox əzizdir. Və Azərbaycan tarixində, Azərbaycan mədəniyyətində belə bir qadının olması ilə qürur duyuram. Çünki Maral Rəhmanzadə öz həyat yolu ilə minlərlə Azərbaycan qızına yol açmış örnək sənətkarımız, böyük bir qadın-şəxsiyyətdir.
Nur içində yatın, Maral xanım! Sizi heç bir zaman unutmayacağıq. Bu günkü və gələcək nəsillər hər zaman sizinlə qürur duyacaq, sizi şükranlıqla, sevgi, məhəbbətlə yad edəcəklər.
Q.Paşayeva
MM-in Mədəniyyət Komitəsinin sədri