Q.Paşayeva “Qarabağ” ordenli şəhid Elsevər Paşayevin xanımı ilə görüşüb.

Bölmə: Mədəniyyət › ,
Tarix: 10:43 29.01.2023

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Qarabağ” ordenli şəhid Elsevər Paşayevin xanımı ilə görüşüb.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin bu il 35 illik yubileyi qeyd olunacaq “Qarabağ” ordenli şəhidi, mayor Elsevər Vaqif oğlu Paşayevin (01.07.1988, Qovşudlu kəndi, Cəbrayıl – 25.10.2020, Qubadlı) həyat yoldaşı Xəyalə xanım Paşayeva ilə görüşüb.
Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə qəhrəman zabitin həyat yoldaşının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısından söz açaraq, bu həssaslığın bütövlükdə cəmiyyətimiz üçün örnək təşkil etdiyini deyib.

Q.Paşayeva şəhid ailələri ilə hər bir görüşün onun üçün çox əziz görüş olduğunu, “Qarabağ” ordenli şəhid zabitin xanımı ilə bu dəfəki görüşün ikiqat anlam daşıdığını vurğulayıb: “Əziz bacım, biz Sizinlə 20 Yanvar – Ümumxalq Hüzn Günündə görüşürük. Sizin qəhrəman həyat yoldaşınız o illərdə hələ 2 yaşındaydı. 90-cı illərdə baş verən hadisələri, xalqımızın başına gətirilən dəhşətli faciələri öyrənən və belə gedişatla barışmamaq üzərə peşəkar hərbçi olaraq yetişən Elsevər Paşayev, bütün dönəmlərdəki şəhidlərimizin qanını yerdə qoymamağa and içmiş qəhrəman Vətən oğullarından olub. Və o, öz andını qanı ilə, canı ilə həyata keçirib, qəhrəmanlıqlar göstərərək, şəhadət şərbəti içib.

Bildiyiniz kimi, son üç ildə Şəhidlər Xiyabanını, eləcə də, respublikamızın hər yerində 20 Yanvar şəhidləri abidələrini ziyarətlərimiz yeni məzmun qazanıb. Necə deyərlər, qərənfillər xarıbülbül qoxuyur... Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız Şuşanın azad edilməsi müjdəsini bütün Dünya Azərbaycanlılarına məhz Şəhidlər Xiyabanından duyurdu. Biz böyük fəxarət hissi ilə bir daha vurğulayırıq ki, əziz Şuşanın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dövnəmlərdəki şəhidlərimizin ruhunu şad edib!

İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq, abadlıq mədəniyyəti ilə əvəzlənməsi xalqımızın, Azərbaycan dostlarının qüruru, sevincidir. Şəhid həyat yoldaşınız məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Şəhid zabitimizin əziz ruhu qarşısında sayğılarla baş əyirik”!

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, həkim-oftolmoloq Aygül Kərimzadə, “Yanardağ Xalça Evi”nin koordinatoru Məhbubə İmanova, “SARA XATUN – Mədəni Maarifçilik” İB sədri, Pərvanə Mustafayeva, “UMAY – Türk Dünyası Qadınlarına Dəstək” İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu”nun sədri Gülpəri Bayramova iştirak edib.

Qeyd edək ki, Elsevər Paşayev 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indi Milli Müdafiə Universiteti nəzdindəki Heydər Əliyev adına Hərbi İnstitutda) ali təhsil alıb. Ailəli idi. 2 qız övladı yadigar qalıb.

Mayor Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşüb, Qubadlıda şəhid olub. Qəhrəman zabitimiz II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq örnəyinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Elsevər Paşayev, Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən yüksək “Qarabağ” hərbi ordeni ilə təltif olunub.

Hərbi xidmət illərində “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013), “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” yubiley medalları ilə, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı ilə təltif olunmuş Elsevər Paşayev, şəhid olduqdan sonra “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə də təltif olunub.

RUHU ŞAD OLSUN!