II və III ixtisas qrupunun nəticələri ELAN EDİLDİ!

Bölmə: Hadisə › ,
Tarix: 19:40 21.07.2023

Bu gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.

 

8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş imtahanda iştirak etmək üçün II qrup üzrə 15611, III qrup üzrə 18623 nəfər ərizələrini təsdiq edib. 34234 abituriyentdən II qrup üzrə 424, III qrup üzrə 314 nəfər, ümumilikdə 738 nəfər imtahanda iştirak etməyib.

 

İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (396.2 bal) Bakı şəhər 270 saylı orta məktəbin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhər 24 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 394 bal, birinci mərhələsində isə 292.4 bal toplayıb. Beləliklə, II ixtisas qrupu üzrə ən yüksək nəticə 686.4 baldır.

 

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni (390.9 bal) Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Saatlı rayon Varxankənd orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 385.4 bal, birinci mərhələsində isə 289.8 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 675.2 baldır.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 iyul 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər  23 iyul saat 10:00-dan 25 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.