Magistraturaya qəbul olanlar hansı sənədləri təqdim etməlidir? - Elçin Əfəndi cavablandırdı

Tarix: 13:19 21.07.2023
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin bakalavr pilləsini qırmızı diplomla bitirən Züleyxa Ağaməliyeva magistraturaya Slavyan Universitetində daxil olub. Lakin Slavyan Universitetindəki sistemi bilmədiyi üçün onda müəyyən suallar yaranıb. İnformator.az magistraturaya qəbul olan tələbələrdə yaranan sualların cavablandırılması üçün təhsil eksperti Elçin Əfəndiyə müraciət edib.
Təhsil eksperti Elçin Əfəndi magistratura pilləsində qəbul olduqları universitetlərə sənəd vermək istəyən tələbələrin suallarını cavablayıb. Bildirib ki, qəbul üçün tələbələr şəxsiyyət vəsiqəsi, əgər diplom yoxdursa, bitirdiyi universitetdən alınan arayış, əgər təhsil ödənişlidirsə, ödənişin qəbzi və s. kimi sənədlər təqdim etməlidirlər. Ekspert sənədlərin yalnız onlayn şəkildə portal.edu.az saytına skan olunub PDF formatında göndərilməli olduğunu vurğulayıb. O, həmçinin sağlamlıq arayışı ilə bağlı olan tələbələrin sualını belə cavablayıb:
"Universitetə zəng edərək bu haqda məlumat əldə edilməlidir ki, arayışın təqdim edilib-edilmədiyini öyrənilsin. Portal.edu.az-da bu tələb göstərilə də bilər, göstərilməyə də bilər".
Elçin Əfəndi hələ də tələbələrə diplom verməyən universitetlər haqqında danışıb və bunun oktyabr-noyabr aylarını əhatə etdiyini, diplom əvəzinə arayışın təqdim edilməli olduğunu bildirib. O, universiteti yeni bitirən tələbələrin məhz həmin arayış ilə qeydiyyatdan keçməli olduqlarını deyib.
Ekspert bildirib ki, sənəd təqdim edilmə qaydalarını öyrənmək istəyən tələbələr https://t.me/elchin_efendi/10626 linkinə daxil olaraq məlumat əldə edə bilərlər. Sənəd təqdimi ilə bağlı əlavə sualları yaranarsa 146 və 1653 nömrələri ilə əlaqə saxlaya bilərlər.
İnformator.az bildirir ki, BDU-nun magistratura pilləsinə qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada portal.edu.az saytından qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Ətraflı məlumat üçün tələbələr bit.ly/3rBnd27 linkindən yararlana bilərlər.
Aydan Qasımova