"Əlamətlər günlər" rubrikası - 4 il öncə təyyarə qəzası

Bölmə: Hadisə › ,
Tarix: 17:21 24.07.2023

"Əlamətdar günlər" rubrikasında bugünün digər mövzusu 4 il öncə bugün-24 iyulda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğraması haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.

 

Bakı vaxtı ilə 24 iyul saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hadisə yeri Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə olub, təyyarə Xəzər dənizinə düşərək parçalanıb. Qəza nəticəsində Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant, hərbi hissə komandirinin müavini olan tanınmış politoloq Qabil Hüseynlinin kürəkəni Rəşad Atakişiyevin izun sürən axtarışlardan sonra nəşi tapılıb.

 

Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. 30-a yaxın yaşı olan MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib və təyyarənin bəzi hissələri dənizin dibindən çıxarılıb.

 

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır. 20 avqustda pilot Atakişiyev Rəşad nəşi və təyyarənin bütün qalıqları dənizin 27 metr dərinliyində tapılaraq çıxarılıb. Müdafiə Nazirliyi təyyarənin qara qutusunun Azərbaycanda yaradılmış laboratoriyada araşdırıldığını bildirib. “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Təyyarə sonuncu dəfə Ukraynada təmirdən keçib. Qəzanın səbəbi təyyarənin havada quş və ya quş dəstəsi, gad cisimlə toqquşması və nəticədə pilotun ağır bədən xəsarəti alaraq huşunu itirməsi olub. Pilot toqquşmadan sonra qəzanın qarşısını almaq məqsədi ilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib, lakin tezliklə huşunu itirdiyi üçün buna nail ola bilməyib və nəticədə təyyarə qəzaya uğrayıb, pilot isə katapult edə bilməyib.

 

Rəşad Atakişiyevin nəşi 21 avqust tarixində Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının və 1990-cı ildə Sovet qoşunlarının Bakıya yeridilməsi zamanı həlak olanların məzarları yerləşən ikinci Fəxri xiyabanda dəfn edilib.

 

ALLAH RƏHMƏT ETSİN!

 

Məryəm Məmmədova