Qatarla minik maşını toqquşdu: bir nəfər həyatını itirdi

Bölmə: Hadisə › ,
Tarix: 14:29 04.08.2023

Xəzər rayonu ərazisində qatarla minik maşını toqquşub, bir nəfər ölüb. Qəzanın baş verdiyi ərazidə narazı olan sürücülər də var. Amma aidiyyatı qurum hər şey qaydasındadı deyir.


İnformator.az xəbər verir ki, hadisə gecə saat 23 radələrində Qala-Pirallahı magistralının Qala qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Yanacaq çənləri daşıyan teplovoz Qala-Binə istiqamətində hərəkətdə olarkən qəfil qarşısına çıxan Hyundai Elantra markalı minik maşını ilə toqquşub. Zərbə nəticəsində avtomobil bir neçə metr sürünüb.

 

Şahidlərin köməkliyi ilə avtomobildə sıxılıb qalan sürücü Şəmistan Rəfiyev və sərnişin 33 yaşlı Aytəkin Əşrafova çıxarılaraq təcili tibbi yardım briqadası ilə xəstəxanaya göndərilib. Amma sərnişin tibb ocağına sağ çata bilməyib. O, yolda dünyasını dəyişib. Sürücünün vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Qəzaya keçiddəki işıqforun düzgün yerdə quraşdırılmamasının səbəb olduğunu iddia edənlər var. Həmin yoldan keçən sürücülərdən biri bildirib ki, işıqforu biraz yuxarı qoysalar daha yaxşı olar, çünki yuxarıda görərlər ki, qırmızı yandı orada dayanarlar: "İşıqfor düz buradadır, qatarın yanında, çox yaxındır. Metro ilə arasında ən azı  yüz əlli metr, iki yüz metr məsafə olmalıdır".

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Sənubər Nəzərova bu deyilənlərin sadəcə bəhanə olduğunu bildirib: "Baş verən qəzanın ilkin və başlıca səbəbi sürücü diqqətsizliyi və məsuliyyətsizliyidir. Nişanları gözləməyib, yəni ki, sürücü birinci işarəni görməyibsə ikinci, üçüncü və dördüncünü görməmək kimi bir ehtimalı yoxdur. Çünki o nişanlar sürücüyə bir neçə dəfə xatırlatma edir".

 

Əraziyə diqqət etdikdə görmək olar ki, təqribən 30 metr məsafədə qoyulan nişan əsas göstəricidir. Yəni bu o deməkdir ki, qarşıda dəmir yol keçidi var. Və bu keçidi göstərən daha bir neçə nişan da görünür-  Stop işarəsi və işıqfor. Bu isə o deməkdir ki, yoldan keçən dəmir yol xətti nizamlanandır, yəni əraziyə yaxınlaşan nəqliyyat vasitələri həm nişanlara, həm də işıqforun tələbinə uyğun formada hərəkət etməlidir.

 

Sənubər Nəzərova bəzən sürücülərin özləri ehtiyatsızlıq edəndə qarşı tərəfdən maşinistin daha ehtiyatlı davranacağını düşünürlər: "Amma nəzərə almalıdırlar ki, onlar qatarın yoluna çıxdıqlarından qatarın tormuz məsafəsi var. Adi bir elektorvoz əgər dəmiryol xəttində saatda 80 km hərəkət edirsə qarşıdakı maneəni görüb saxlamaq üçün təcili tormuzlama aparanda onun tormuz məsafəsi 1 km təşkil edir",

 

Qanunvericilikdə də göstərilir ki, əgər ərazidə kifayət qədər xəbərdaredici nişan varsa, deməli, işıqfor dəmiryol keçidinin 10 metrliyində də quraşdırıla bilər, daha yaxında da. Yəni sürücü məlum nişanların əhatəsinə daxil olan kimi son dərəcə diqqətli olmalıdır. Yol hərəkəti haqqında qanunun 44-cü maddəsi bunu tələb edir. Qaydalara məsuliyyətsiz yanaşmanın nəticəsidir ki, təkcə bu ilin 6 ayı ərzində dəmiryol keçidlərində 18 qəza hadisəsi baş verib. 3 nəfər ölüb, 6 nəfər sağlamlığından olub.

Gündüz