BU ƏLAMƏTLƏR VARSA, SİZİ GÜN VURUB

Bölmə: Hadisə › ,
Tarix: 16:45 09.08.2023


Bir neçə gündür ki, temperatur gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyə çatır. Naxçıvan Muxtar Respublikasında və Mərkəzi aran rayonlarının bəzi yerlərində isə 42-43 dərəcə isti olur. Havaların belə isti keçməsi günvurmaa riskini də artırır.


TƏBİB-dən verilən məlumata görə, iyul ayı ərzində günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin 21-i qadın, 24-ü kişi, 38-i böyük, 7-si isə uşaq olub. Böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü xəstəxanaya yerləşdirilib.
Avqustda da günvurma ilə xəstəxanalara müraciət edənlər var. Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi isə Kliniki Tibbi Mərkəzə köçürülüb.


40 C-dən yuxarı qızdırma, dəri səpgiləri, tərləməmək, ürək döyüntüsü, hipotenziya, ürəkbulanma və qusma, şiddətli baş ağrısı, nəfəsalmada çətinlik, şüur itkisi, yatmaq istəyi, ağızda və dodaqlarda quruluq, dərinin səthində qurutma, balans pozğunluqları və yeriməkdə çətinlik, əhval-ruhiyyə balanssızlığı, ürəkgetmə - bu siptomlardan birini hiss edirsizsə, deməli sizi gün vurub.  


Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? İlk yarım saat ərzində edilən yardım çox əhəmiyyətlidir. Əvəlcə bədənin temperaturu  38,5 C-ə endirilməlidir. Baş, sinə, qoltuqaltı kimi nahiyələrə soyuq kompreslər qoyulmalıdır. Xəstənin huşu özündədirsə, ilkin yardım kimi çoxlu su içmək məsləhətdir.
Günvurmanın ən riskli yaş qrupu 4 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı şəxslərdir. Böyrək çatışmazlığı, hipertoniya, xərçəng, piylənmə xəstəliyindən əziyyət çəkənlər, xroniki xəstəlikləri olanlar və müxtəlif psixoloji pozğunluğu olanlar da risk qrupundadır.

 

ÇİNARƏ