Mühüm açıqlamalar

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:15 13.12.2023

Növbəti il üçün işğaldan azad olunan ərazilərə qayıdış prosesi daha da sürətlənəcək. Bununla bağlı Prezidentin xüsusi nümayəndəsi məlumat verib.

 

Emin Hüseynov köçürüləcək ailələrin sayını da açıqlayıb. Azərbaycan Dəmir Yollarının da işğaldan azadolunmuş ərazilərdə həyata keçirdiyi layihələr yekunlaşmaq üzrədir.

 

Emin Hüseynov qeyd edir ki, növbəti ildən qayıdış prosesi intensivləşəcək.

 

"Böyük qayıdış çərçivəsində artıq 3 mindən çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. 34 min 500 ailənin 16 mini 2026-cı ilin sonuna qədər Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulub". 

 

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, təkcə Ağdam şəhərinə 20 min nəfərin məskunlaşması birinci dövlət proqramı çərçivəsində nəzərdə tutulub. 

 

"Bununla bağlı artıq şəhərdə əsas mədəni-tarixi mərkəz olan hissəsində geniş layihələndirmə işləri yekunlaşmaq üzrədi. Artıq tikinti proseslərinə başlanılıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulub. Hal-hazırda Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhəri və şəhərdən başqa da 10 kəndin bərpa olunub 2026-cı ili sonuna qədər təhvil verilməsi nəzərdə tutulub".

 

Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyir ki, Azərbaycan Dəmir Yolları Qapalı səhmdar cəmiyyəti işğaldan azad olunan ərazilərdə iki layihə həyata keçirir. Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb.

 

 

"Layihənin bütövlükdə 85 faizi icra olunub. Sadəcə son qalan işlər Təzəkənd, Köçərli və Bərdə stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq. Bir də Ağdam avtovağzal və dəmiryolu kompleksidir ki, hazırda onun da tikintisinə başlanması üçün artıq son layihə razılaşdırma işləri həyata keçirilir".

 

Rövşən Rüstəmov bunlarla yanaşı Horadiz-Ağbənd layihəsinin də hazırda 45 faizi yerinə yetirildiyini, layihənin yekunlaşması istiqamətində işlər sürətlə davam etdiyini bildirib.

 

 

"Layihənin 2025-ci ildə təhvil verilməsi nəzərdə tutulub".

 

Lamiyə