2023-cü il Azərbaycan iqtisadiyyatı-EKSPERT AÇIQLAYIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:19 15.12.2023

"Azərbaycanda 2023-cü il iqtisadiyyatın bir qədər zəif artımı ilə müşahidə olundu. Baxmayaraq ki, qonşu ölkələrdə sürətli artım var, amma Azərbaycanda cəmi 0.8% artımı oldu və bu da qənaətbəxş deyil". Bu sözləri informator.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib. İqtisadçı zəifləmədəki səbəbləri qeyd edib.

 

"İqtisadiyyatın zəifləməsindəki səbəblərin başında neft hasilatının azalması durur. Digər səbəb qiymətlərin səviyyəsinin sürətlə artmasıdır".

 

Xalid Kərimli deyir ki, ilin ikinci yarısında inflyasiya zəifləsə də, qonşu dövlətlərlə müqayisədə ürəkaçan deyil

 

"Bu il müşahidə olunan ortalama inflyasiya o 9.4%-dir. Həm inflyasiya sürətli artdı, həm də iqtisadiyyatımız zəif oldu. Bu da təbii ki insanların gəlirlərinə təsir etdi, real alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu. Eyni zamanda nəzərə alsaq ki, bahalaşmalar da əsasən ərzaq məhsullarında müşahidə olunur, fiks əməkhaqqı alanlar bunu daha çox hiss etdi".

 

İqtisadçı eyni zamanda qeyd edir ki, digər bir məqam 2023-cü ildə Azərbaycanın 2022-ci illə müqayisədə tədiyə balansının profisitinin 2.6 dəfə azalmasıdır. 

 

"Bunun da əsas səbəbi keçən il əgər tədiyə balansında 9 ay ərzində 17 milyard dollardan bir qədər artıq profisitimiz var idisə, bu il 2.6 dəfə aşağı düşüb. Təqribən 6.7 milyardlıq bir profisitdən söhbət gedir. Bu o deməkdir ki, ölkəyə girən pullarla çıxan pullar arasındakı tarazlıq keçən il daha yaxşı idi. Daha çox pul gəlmişdi, o qədər ehtiyatlarımızın artmasına yönəlmişdi, amma bu il aşağı düşdü".

 

Müsahib əlavə edir ki, tədiyə balansının aşağı düşməsinin əsas 3 səbəbi var.

 

"Səbəblərə neftin qiymətlərinin əvvəlki illərə görə bir qədər aşağı düşməsi, ixracatın azalması, eyni zamanda da qazın qiyməti bu il keçən ilə nisbətən daha aşağı olması daxildir. Həmçinin əvvəlki illərə görə iqtisadiyyatın idxal rəqəmlərində bir qədər artım var. Bu da ona gətirib çıxardı ki, tədiyə balansı kəskin şəkildə aşağı düşdü".

 

Xalid Kərimli Azərbaycanın öz ərazi bütövlüyünü, eyni zamanda suverenliyini təmin etməsini iqtisadiyyat üçün olduqca əhəmiyyətli bir məsələ olduğunu söyləyir.

 

"Ümid yaranır ki, gələcək iqtisadi inkişafımız üçün yeni üfüqlər açılacaq. Nəzərə alsaq ki, Qarabağ iqtisadi rayonunun bir hissəsi faktiki nəzarətimizdə deyildi, yalnız sentyabrdan qayıtdı. Artıq mina təhlükəsinin getdikcə aşağı düşməsi iqtisadiyyatın bu hissəsində də gələcəkdə daha rahat inkişaf imkanları yaradacaq".

 

İqtisadçı son olaraq bildirib ki, Ələt dəniz limanının genişləndirilməsi, yük daşınma xəttində Bakı-Tiflis-Qars xəttində tamamlanma işlərinin aparılması istiqamətində işlər gələcək illər üçün müsbət zəminlər formalaşdırır.

 

Aynur Babayeva