"Media Savadlılığı Həftəsi keçirilir"-Ləman İsgəndərova

Bölmə: MEDİA › ,
Tarix: 21:11 21.12.2023

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı ilə bağlı fərqindəliyin artırılması, müxtəlif hədəf qruplarının bilik və bacarıqlarının inkişafı, maarifləndirmə kampaniyalarının aparılması, bu sahədə təcrübə mübadiləsinin artırılması, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə ölkə üzrə 2023-cü il 18-24 dekabr tarixlərində “Media Savadlılığı Həftəsi” keçirilir.

 

Həftə çərçivəsində ənənəvi və rəqəmsal mediada, eyni zamanda sosial şəbəkələrdə media kampaniyalarının aparılması, media savadlılığı ilə bağlı uğurlu beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə görüşlərin, həmçinin bilik və bacarıqların artırılmasına yönəlmiş inkişaf proqramlarının təşkili nəzərdə tutulur.

 

Həmçinin, 20 dekabr tarixində dövlət rəsmiləri, media nümayəndələri, bu sahədə ixtisaslaşan ekspert, təhsil işçiləri və beş yüz nəfərə yaxın gəncin əhatə olunduğu “Media Savadlılığı” Konfransı keçirildi və bu sahədə ilk əhatəli rəqəmsal resurs rolunu oynayacaq “Media savadlılığı” onlayn platforması təqdim olundu.

 

Ümumiləşdirsək, media savadlılığı platforması bu sahədə məlumatlılığı artırmaq, media savadlılığı ilə bağlı yerli zəngin informasiya bazası formalaşdırmaq və keçirilən tədbirlərlə əlaqədar iştirakçılığı artırmaq məqsədləri ilə hazırlanmışdır.

 

İstifadəçilər platformada media savadlılığı ilə bağlı əsas anlayışlarla tanış ola bilər, eyni zamanda testdən keçərək nə dərəcədə media savadlı istehlakçı olduqlarını yoxlaya bilərlər. Əlavə olaraq, platformada aşkarlanan dezinformasiyalar, saxta xəbərləri müəyyənləşdirmək üçün diqqət edilməli məqamlarla bağlı məlumatlar göstərilən bölmələr var.

 

Platformanın gənclərin media savadlılığı ilə bağlı bilik və bacarıqlarının artırılmasında ciddi onlayn resurs olacağına inanırıq. Bütün gənclər medialiteracy.media.gov.az saytına keçid edərək məlumatlarla tanış ola bilərlər.

 

Ləman İsgəndərova

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin

“Media dəstək layihələri və strateji planlaşdırma”

şöbəsinin müdiri

İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri